Vaxt.Az

Ondan çox milli fəaldan xəbər yoxdur


 

Urmiya gölünün quruması ilə bağlı etirazlarda xeyli aksiya iştirakçısı həbs edilib

Ondan çox milli fəaldan xəbər yoxdur Urmiya gölündə ekoloji fəlakətlə bağlı Urmiya şəhərində keçirilən etiraz aksiyasından sonra fars-molla rejiminin təhlükəsizlik qüvvələri Təbriz, Urmiya, Sulduz (Nəğədə) və Qoşaçay (Miyandab) kimi müxtəlif şəhərlərdə bir neçə azərbaycanlı milli fəalı həbs edib.

İnsan Haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi və Ərk İnsan Haqları Cəmiyyəti həbs edilənlərin bəzilərinin adlarını açıqlayıb.

Təbriz şəhərində Xanım Həkimə Əhmədi, Həmid Purvəli, Yunis Mahmudi, Cəlal Dehqani, Yunis Quluzadə, İslam İmani, İbrahim Azəroğlu, Məhəmməd Mustafayi, Urmiyə şəhərində isə Huşəng Nağızadə və Mikayıl Qulipur, Rza Əkbərzadə, Sulduz (Nəğədə) şəhərində isə cənab Məsud Abbaszadə həbs edilərək təhlükəsizlik qurumlarının təcridxanasına köçürülüb.

Həmçinin Qərbi Azərbaycan vilayətində yerləşən Qoşaçay şəhərində cənab Cəlal Kudərilu, Mustafa Dövlətxah, Nadir Əmani, Vəli Zöhrabi və Nasir Hişməti təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək naməlum yerə aparılıb.

Güney Azərbaycanın xəbər saytlarında dərc olunan xəbərə görə, bu gün, iyulun 17-də Urmiya sakinləri olan Mikayıl Qulipur və Huşəng Nağızadə şəhərin mərkəzi həbsxanasına köçürülüb.

İyulun 16-da bir həftə öncədən verilən çağırışdan sonra Urmiya şəhərində Urmiya gölünün quruması ilə bağlı yaranmış fəlakətli vəziyyətə etiraz olaraq aksiya keçirilib. Təbriz, Sulduz, Qoşaçay kimi digər şəhərlərdə isə təhlükəsizlik qüvvələrinin və polisin güclü müdaxiləsi nəticəsində etirazçılar sərt şəkildə dağıdılıb.

 





17.07.2022    çap et  çap et