Sosial şəbəkələrdə yayımlanan videolara əsasən, iyulun 16-da gölün kritik vəziyyəti və hökumətin bu ekoloji fəlakətin qarşısının alınmasına lazımi diqqət yetirməməsi nəticəsində Urmiya sakinlərinin dinc etiraz mitinqi baş tutub. Təbriz, Ərdəbil və Tehran şəhərlərində şəhər mərkəzlərində həddindən artıq təhlükəsizlik qüvvələrinin yerləşdiyi və insanlara müdaxilə edərək toplaşmasına imkan verilmədiyi bildirilir.
Etiraz aksiyasında iştirak edənlər “Urmu gölü can verir, məclis onu qətlinə fərman verir”, “Urmu gölü susuzdur, Azərbaycan oyanmasa uduzdu” kimi şüarlar səsləndirib.
Bundan əvvəl milli fəallar “Twitter” sosial şəbəkəsində Urmiya gölünün xilas edilməsinin vacibliyini gündəmə gətirmək, həmçinin ictimai rəyi və hakimiyyət başçılarının diqqətini bu mövzuya cəlb etmək üçün kampaniya başlatmışdı.
Urmiyada etiraz aksiyası keçirilməzdən bir neçə gün əvvəl İran hökumətinin təhlükəsizlik qüvvələri azərbaycanlı milli fəallarla əlaqə saxlayıb və onları hədələyib və hər hansı etiraz aksiyasında iştirak etməmələrini istəyib.