Bu barədə Putinin müşavirlərdən biri məlumat verib.
Putinin Tehranda “Astana formatı” adlanan çərçivədə İran prezidenti İbrahim Rəisi ilə də görüşəcəyi xəbər verilir.
Rusiya prezidentinin xarici siyasət müşaviri Yuri Uşakov iyulun 18-də deyib ki, Putinin Ərdoğanla danışıqlarında Ukrayna taxılının blokadada olan limanlardan çıxarılması məsələsi də müzakirə olunacaq.
Uşakov bildirib ki, Moskva bu istiqamətdə işi davam etdirməyə hazırdır.
Rusiya Ukraynanın bir sıra limanlarını zəbt edib, digərlərini isə bombardmanla dağıdıb.
Ukrayna isə öz növbəsində Odessa və başqa liman şəhərlərinə dənizdən girişi minalayıb.
Kiyev bu limanlara Rusiyanın dənizdən hücum edə biləcəyindən narahatdır.
***
Ukrayna taxılının ixracına dair Rusiya, Ukrayna, Türkiyə və BMT arasında aparılan danışıqların razılaşmaya çox yaxın olduğu bildirilir.
Tərəflər növbəti dövrə danışıqlar üçün iyulun 20-də İstanbulda görüşəcəklər.
Rusiya Müdafiə Nazirliyi iyulun 15-də bildirmişdi ki, Ukrayna taxılının, Rusiya taxılı və gübrəsinin ixracının blokdan çıxarılmasına dair razılaşma sənədi tezliklə hazır olacaq.
Türkiyənin müdafiə naziri Hulusi Akar isə deyib ki, taxılın çıxarılması üçün təhlükəsiz dəniz dəhlizlərinin açılmasına dair Ukrayna və Rusiya arasında razılaşma prinsipcə hazırdır.
Uşakovun sözlərinə görə taxıl daşıyan gəmilərin hərəkətinin monitorinqi üçün İstanbulda koordinasiya mərkəzi açılmalıdır.
Diplomatlar bildirirlər ki, ilkin razılaşmaya görə Ukrayna limanlarına girən və çıxan gəmiləri Ukrayna hərbi gəmiləri müşayiət edəcəklər.
Ukrayna dünya taxılının böyük bir hissəsini verir və bu səbəbdən də ixrac bərpa olunmasa Yaxın Şərq və Afrikanın bir sıra ölkələrində aclıq təhlükəsi yarana bilər.