Keçən sammitdən ötən müddətdə beynəlxalq aləmdə müxtəlif dəyişikliklər baş verib. Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başlayıb, Qərbin Rusiyaya qarşı sanksiyalar sərtləşib, Çin bölgədə hərbi gücünü artırıb, ərzaq problemi dərinləşib və s. Maraqlıdır ki, videoformat çərçivəsində keçirilən sammitdə heç bir lider Ukrayna müharibəsindən danışmayıb, ümumiyyətlə Ukrayna sözünü tələffüz etməyiblər. Rusiya prezidenti Vladimir Putin başqalarıyla bu mövzunu müzakirə etmək istəmir. Odur ki, Rusiya ilə tərəfdaşlıq münasibətlərində olan dövlətlərin liderləri Putini rahatsız etmək istəməyiblər. Digər tərəfdən heç bir lider, o cümlədən tərəfdaşlar Rusiyanın Ukraynaya qarşı müharibədə haqlı olduğunu vurğulamaq istəmir.
BRİKS liderləri sammitdə dünya ticarətindəki mövcud vəziyyəti və öz aralarında iqtisadi əlaqələrin gücləndirilməsi mövzularını müzakirə ediblər. Bunu reallaşdırmaq çətindir. Çünki BRİKS təşkilatının iki əsas üzvü – Rusiya və Çinə qarşı müxtəlif sanksiyalar mövcuddur. Digər tərəfdən BRİKS üzvü Hindistanın Çinlə sərhəd problemi var və buna görə Dehli Pekinlə iqtisadi əlaqələri və ticarəti gücləndirməyə risk etmir. Əksinə, sərhəddə baş verən son insidentdən sonra Dehli Pekinlə planlaşdırdığı bir sıra ortaq iqtisadi layihədən imtina edib. Digər tərəfdən Rusiya və Çindən fərqli olaraq BRİKS-in digər 3 üzvü – Braziliya, Hindistan və Cənubi Afrika Respublikası ABŞ və Avropa ilə iqtisadi əməkdaşlığın inkişafına və strateji əlaqələrə çalışırlar. Odur ki, BRİKS sadəcə fikir mübadiləsi üçün bir platformadır. Braziliya, Hindistan və Cənubi Afrika Respublikası Rusiya və Çinin xeyrinə Qərblə sıx əməkdaşlıqdan imtina etməyəcəklər. Təsadüfi deyil ki, Hindistan və Cənubi Afrika Respublikası “böyük yeddilərin” toplantısına dəvət olunmuşdrular. Rusiya BRİKS-ə yeni üzvlər qoşmağa cəlb etsə də, bu təşkilatın ABŞ və müttəfiqlərinin formalaşdırdıqları təşkilatlardan üstün olacağı və ya onlarla rəqabət aparacağı problematikdir.