İsti dalğası İspaniyada və qonşu Portuqaliyada yüzlərlə ölümə səbəb olub. Adətən sərin keçən İtaliyanın şimalında da quraq günlər uzanır.
Daha çox mülayim havaya, yağışa adət etmiş milyonlarla britaniyalı üçün iyulun 18-dən 19-na keçən gecə rekord isti yaşanıb. Bu gün isə ölkədə 40 dərəcə Selsi proqnozlaşdırılıb.
Britaniyanın Meteorologiya Agentliyi ilkin nəticələrə əsasən ötən gecə ölkənin bəzi yerlərində ilk dəfə olaraq temperaturun 25 dərəcədən yuxarı olduğunu bildirib.
Bu həftə Britaniyada hava şəraiti o qədər kəskin olacaq ki, qatar operatorları istinin dəmiryolu xətlərinə təsir göstərə biləcəyini deyiblər. Bəzi məktəblərdə isə uşaqların sərinlənməsi üçün hovuzlar quraşdırılıb.
Fransada rekord isti ölkənin cənub-qərbində meşə yanğınlarının söndürülməsini çətinləşdirib.
Daha çox şəhər boşaldılıb, 14 min 900 nəfər mümkün yanğın ərazilərindən çıxarılıb.
Alimlər iqlim dəyişikliyi səbəbindən isti dalğalarının daha intensiv olduğunu deyirlər.
Həftəsonuna Balkan regionunda bərk istilər gözlənir, artıq sporadik yanğınlar baş verir.