Vaxt.Az

İrəvan və Moskva Bakının blef etmədiyi anladi


 

Azərbaycanın prosesə nəzarət etmək imkanı var

İrəvan və Moskva Bakının blef etmədiyi anladi Ermənistan Qarabağda qalan erməni ordusunun qalıqlarının çıxarılma prosesinin başlandığını elan etdi. Təhlükəsizlik şurasının katibi Armen Qriqoryan sentyabra qədər prosesin başa çatacağını deyib.

İrəvanın prosesə indi başalaşması, yaxud bunu indi elan etməsinin səbəbi bəllidir:

– Əliyev bildirdi ki, Rusiya iyun ayında erməni qoşunların Azərbaycan ərazisindən çıxarılacağı vədini verib, lakin icra edilmir və anti-terror əməliyyatının anonsunu verən prezident addımların da XİN rəhbərlərinin görüşünün nəticəsinə uyğun atılacağını elan etdi;

– Bayramov-Mirzoyan görüşündə Bakının əsas tələbindən birinin məhz bu olduğu bəllidir: Mirzoyana hərbi müstəvidə atıla biləcək addımlar izah olunub;

– Tbilisi görüşündən dərhal sonra İrəvanın 10 noyabr bəyanatının 4-cü bəndinin icrasına başlaması da Bakının hərbi müstəvidə atacağı addımların qarşısını almağa hesablanıb.

Görünür, İrəvanda da, Moskvada da Bakının blef etmədiyini, erməni ordusunun qalıqlarının çıxarılmayacağı təqdirdə anti-terror (buna “məcburetmə əməliyyatı” da deyə bilərik) əməliyyatının başlayacağını anlayıblar.

Hərçənd, bir məsələ açıq olaraq qalır: İrəvan erməni ordusunun qalıqlarının hamısını çıxaracaq, yoxsa?

Ermənistanın rəsmi açıqlaması müəyyən şübhələr yaradır. Qriqoryan bildirir ki, “44 günlük müharibə zamanı Qarabağa yerləşdirilən qoşunlar çıxarılır. Ermənistan ordusunun bir sıra birlikləri müharibə dövründə “müdafiə ordusunun” köməyinə gəlib, bu təbiidir”:

a) İrəvan münaqişənin mövcud olduğu dövrdə Qarabağdakı erməni qoşunları separatçıların “müdafiə qüvvələri” adlandırırdı: bu açıqlama da həmin mövqeyin davamı kimi verilə bilər, yəni “Ermənistan bölgəyə qoşunları müharibə dövründə göndərib”;

b) İrəvan müharibə dövründə Qarabağa göndərdiyi qoşunları çıxara, müharibədən əvvəl bölgədə mövcud olan “hərbi birlikləri” separatçıların “ordusu” olaraq saxlaya bilər: Qriqoryan onları “bir neçə birlik” olaraq qeyd edir.

Qriqoryanın separatçıların qondarma “müdafiə ordusu”nun qalacağına dair dedikləri də çıxarılma prosesinin qeyri-şəffaflığı ehtimalını gücləndirir.

Bakının prosesə nəzarət etmək imkanı var:

1. Bölgədə Ermənistan ordusunun nə qədər qüvvəsinin olduğuna dair informasiya Azərbaycan dövlətində bu və ya digər formada mövcuddur;

2. Paşinyan 10 noyabr bəyanatını imzaladıqdan sonra bunu “bölgədəki 20-25 minlik erməni hərbçisinin mühasirədən çıxarmaq” üçün etdiyini bildirmişdi: hazırda ən azı 15-20 min erməni hərbçisinin qalması mümkündür;

3. Erməni qoşunlar və hərbi texnikası Laçın dəhlizindən çıxarılacaq: Azərbaycan dəhlizdə vizual müşahidəni gücləndirə, prosesin dəqiqliyini yoxlaya bilər.

 





19.07.2022    çap et  çap et