Vaxt.Az

Dünya dizüstə qalıb


 

Beynəlxalq iqtisadiyyat dilemma ilə qarşı-qarşıyadır

Dünya dizüstə qalıb Dünya iqtisadiyyatı növbəti ciddi böhranla, resessiya ilə üzləşib, hətta artıq böhranın içindədir. Dünyada getdikcə artan inflyasiya, enerji və ərzaq böhranı, logistik zəncirlərin qırılması, yenilərinin yaranması ilə bağlı problemlər – bütün bunlar 2020-ci ildə COVİD-19 bəlasının dünya ölkələri tərəfindən doğru idarə edilməməsinin nəticəsidir.

Likvidliyin kəskin artırılması, bazarlara 17 trilyon dollar əlavə vəsaitin axıdılması, qapalı sərhədlər, ən sonda Rusiyanın Ukraynaya qarşı təcavüzü dünya iqtisadiyyatını dizüstə qoyub. Dünya dilemma ilə qarşı-qarşıya qalıb – ya kredit faizlərini (MB-ın uçot dərəcəsini artırmaq yolu ilə) artıraraq inflyasiya ilə mübarizə aparmaq, ya da likvidlik bolluğunu davam etdirərək inflyasiyanı daha da yüksəltmək. Görünən odur ki, Dünya ölkələri birinci yolu tutublar - əksər MB-lar uçot dərəcəsini artırmaq yolu tutublar, bu yol inflyasiyanı cilovlaya bilər, amma iqtisadi aktivliyi boğacaq, iş yerlərini, insanların real gəlirlərini kəskin azaldacaq – bu yol yenə bir çox ölkələrdə sosial gərginliklərə, kütləvi etirazlara, nəticədə siyasi elitaların dəyişməsinə yol açacaq.

Qəribəsi budur ki, hətta ikinci yol tutsalar belə, yenə nəticə eyni olacaq – likvidliyin artması davam etdikcə inflyasiya da yüksələcək, qiymət artımları kütləvi etirazlara, seçkilərdə anti-elita qüvvələrə səs verməklə dəyişikliklərə səbəb olacaq. 

Yəni, COVİD-19 səhvləri, hətta cinayətləri artıq dünya ölkələri elitasının boğazına keçmiş ipdir, hər hansı tərəfə çapaladıqca, ip daralır, siyasi “boğulma” çırpıntıları artır. 

21 iyul 2022-ci ildə Avropa Mərkəzi Bankı uçot dərəcəsini 0,25 faiz artıracaq – bu avronu müvəqqəti olaraq nisbətən bahalaşdıracaq, amma 0,25% inflyasiyaya qalib gəlmək üçün yetərli deyil, deməli il sonuna qədər yenə faiz artımı olmalıdır. Yaxşı, AMB-ı faiz artımlarını davam etdirsə fraqmental Avropa iqtisadiyyatının halı necə olacaq?! Yəni, Avropa iqtisadiyyatı fraqmentaldır – ölkələr eyni qaydada inkişaf etmiyib, eyni ehtiyatlara malik deyillər, deməli, cənub və şərqi Avropa ölkələri faiz artımından daha çox zərər görəcəklər, iqtisadi daralma yüksələcək. Qərbi və Şimali Avropa ölkələri daha dayanıqlıdırlar, amma orda da iqtisadiyyatın 1 faizi belə daralması böyük ölkələr üçün onminlərlə işsiz, onminlərlə müflisləşmiş şirkətlər deməkdir. 

27 iyul 2022-ci ildə isə ABŞ-da FED-in növbəti toplantısı olacaq, zatən aqressiv faiz artımına başlayan FED, bu dəfə ən az 0,75 faiz, və ya hətta 1 faiz uçot dərəcəsini artıra bilər – bu isə yenidən dollar indeksinin yüksəlməsinə, dolların bütün valyutalar qarşısında dəyər qazanmasının sürətlənməsinə səbəb olacaq. Doğuracağı nəticə isə ABŞ-da da kredit faizləri bahalaşacaq, bu isə iqtisadi daralma, işsizlik, insanların real gəlirlərinin azalması demək olacaq.

Bir sözlə, dünya siyasi elitası COVİD-19 biabırçılığına və Rusiyanın aqressiyasını önləyə bilmədiyinə görə elə bir vəziyyət yaradıb ki, “yuxarı tüpürürsən bığdır, aşağı tüpürürsən saqqal”, bu isə onu deməyə əsas verir ki, yaxın zamanda dünya ölkələrində kardinal şəkildə siyasi idarəetmə elitası dəyişəcək. 

O ki qaldı bizim məmləkətə, biz bu dünyadan deyilik, neft-qaz baha, hökumətin kefi kök, xalq tik-tokda, dollar sabit – amma bilin və agah olun ki, məmləkətin normal, işlək, rəqabətli iqtisadi model qurmağa cəmi 6-7 il zamanı var, hələ ki, 6-7 il neft-qaz baha olacaq, bu bizə 3-cü və sonuncu şans verir ki, işlək sistem qura bilək, bu şans da qaçsa ölkəmiz tarixin və dünyanın küncündə-bucağında qalacaq...

 





19.07.2022    çap et  çap et