Vaxt.Az

Xameneyinin maskası yırtıldı


 

Çox zaman Azərbaycan əsilli təqdim edilən dini liderin Zəngəzurla bağlı paylaşımı etiraz doğurdu

Xameneyinin maskası yırtıldı İranın ali rəhbəri Əli Xameneyinin Zəngəzur dəhlizi ilə bağlı “Twitter”də yazdığı status Güney Azərbaycanda etirazla qarşılanıb. İran saytlarının Xameneyinin paylaşımını yaydığı səhifələrin şərh bölümündə sosial şəbəkə istifadəçiləri ali rəhbəri riyakarlıqda, həqiqətləri təhrif etməkdə günahlandırıb.

Onlar Xameneyinin “Qarabağın qayıtmasına sevinirik” ifadəsinin yanlış olduğunu bildirib, onun Qarabağı Azərbaycan ordusu tərəfindən azad olunmasını etiraf etməyə dili gəlmədiyini bildiriblər.

Bir çox sosial media fəalı “Qarabağ öz-özünə qayıtmadı, Azərbaycan ordusunun igidliyi, minlərlə şəhidin qanı bahasına geri qaytarıldı, azad edildi”, – deyə Xameneyini saxtakar adlandırıblar.

“Əlbəttə siz məcburi sevinirsiniz. 30 il boyunca Qarabağın azad edilməsinə heç bir yardım etmədiniz. Bunu edib hörmət qazana bilərdiniz. Ancaq İlham Əliyev və Ərdoğan bunu bacardıqları üçün bütün türklərin ürəyində yer elədilər”, – deyə təbrizli fəal yazıb.

Bununla yanaşı çox sayda istifadəçi Xameneyinin “ancaq əgər İran-Ermənistan sərhəddinin bağlanması siyasəti olsa İran buna qarşı çıxacaq. Ona görə ki, bu yol neçə min illik əlaqə yoludur” ifadəsinin saxtakarlıq nümunəsi olduğunu qeyd ediblər.

Onlar bir neçə on il bundan öncəyə qədər Ermənistan adlı dövlət olmadığını, o torpaqların Azərbaycana məxsus olduğunu vurğulayıb, Xameneyini saxtakarlıqda və savadsızlıqda suçlayıblar.

Bir sıra fəallar İran rəhbərinin paylaşımını ironiya ilə qarşılayıb və “çox narahat olsanız Ermənistanla əlaqə üçün sərhəddə yeraltı tunel qaza bilərsiniz”-deyə, yazıblar.

Qeyd edək ki, Xameneyi iyulun 19-da özünün “Twitter” səhifəsində etdiyi paylaşımında Ermənistan-İran sərhədinin bağlanması ehtimalından narahatlığını ifadə edib.

“Biz Qarabağın Azərbaycana qayıtmasına sevinirik. Ancaq əgər İran-Ermənistan sərhədinin bağlanması siyasəti olsa İran buna qarşı çıxacaq. Ona görə ki, bu yol neçə min illik əlaqə yoludur”, – deyə Əli Xameneyi yazıb.

 





20.07.2022    çap et  çap et