Quzey Qafqaz böyük güclərin çəkişdiyi yeni nöqtəyə çevrilir. Özəlliklə Rusiya Qərbə qapandıqdan sonra Azərbaycan və Gürcüstan Asiyadan Qərbə və əksinə gedən Şərq-Qərb nəqliyyat dəhlizinin önəmli yükünü üzərinə götürəcək bir parçasına çevrilir. Zəngəzur dəhlizi də bu ümumi nəqliyyat dəhlizinin bir parçasıdır.
Azərbaycanla AB arasında enerji güvənliyi barədə memorandum imzalanması və Azərbaycanın Avropaya satdığı qazın həcmini 2-qat artırması buzdağının (aysberqin) görünən tərəflərindən biridir.
Bu dəhliz Qazaxıstan neftinin və yaxın zamanlarda həm də Türkmənistan qazının Avropaya ötürülməsini hədəfləyib.
Qərb üçün çox önəmli olan bu bölgənin Rusiyanın təsiri altında qalması böyük risklər yaradır.
Təsadüfi deyil ki, AB ilə yanaşı ABŞ dövlət departamenti də bu memorandumu yüksək dəyərləndirdi və dəstəyini ifadə etdi.
AB ilə imzalanmış bu memorandum 1994-cü ildə Azərbaycanın imzaladığı həm iqtisadi, həm də geopolitik çəkisinə görə Əsrin müqaviləsi adlanan sənədə bərabər addımdır və həm Azərbaycan, həm də bölgə üçün böyük perspektivlər açır.
Rusiyanın Quzey Qafqazda varlığının hələ də davam etməsinin əsas səbəbkarı Ermənistan və onun Azərbaycan torpağını işğal etməsi, silahlı separatizmi dəstəkləməsidir.
Bu baxımdan Azərbaycanla Ermənistan arasında və Ermənistanla Türkiyə arasında danışıqlarda kiçicik irəliləyişlər Qərb tərəfindən dərhal və yüksək qiymətləndirilir. ABŞ dövlət katibi XİN rəhbərlərinin Tbilisi görüşünü dəstəkləyən bəyanat verdi.
Bu baxımdan ABŞ MKİ rəhbəri, nüfuzlu Uilyam Bernsin İrəvan səfəri də, bunun ardınca Rusiya kəşfiyyatının rəhbəri Narışkin İrəvana və Bakıya qaçıb gəlməsi də diqqətəlayiqdir. Hətta Narışkin Bakıda Azərbaycanla xarici kəşfiyyat sahəsində əməkdaşlığa dair sənəd də imzaladı.
İndi Ermənistan seçim qarşısındadır. Zəifləyən Rusiyanın yedəyindəmi getsin, rusların Quzey Qafqazda qalmasını davam etdirsin, ya Azərbaycana, Türkiyəyə qarşı ərazi iddialarından, silahlı separatizmi dəstəkləmək çabalarından əl çəkib normal qonşuluğa başlasın.
Bununla Ermənistana böyük məbləğdə dəstəklər verən Avropa İttifaqı (2,5 milyard) və ABŞ-ın maraqları əleyhinə getsin.