Əvvəla, Xameneyinin bu tviti Türkiyə prezidenti ilə görüşdən dərhal sonra yazması İranın bizə qarşı hücumlarının qarşısında rəsmi Ankaranın dayandığını göstərir.
İkinci xüsusi məqam, İranın bu yanaşma ilə Ermənistanı dəstəklədiyini açıq-aşkar nümayiş etdirməsidir. Xameneyi birbaşa Azərbaycan-Ermənistan münaqişəsində İranın Türkiyənin qarşısında olduğunu bəyan edir.
Əlbəttə ki, bu, məlum tendensiyadır. İranın 90-cı illərdə, müstəqilliyimizi yeni bərpa etdiyimiz vaxtlarda, ondan sonrakı dövrlərdə, Ermənistanın ərazilərimizi işğal prosesi boyunca və xüsusilə 44 günlük savaş dönəmində sərgilədiyi siyasət bu tendensiyanı ehtiva edirdi. Bununla belə, açıq bəyan, xüsusilə ali dini lider səviyyəsində bəyan başqa məqamlardan xəbər verir.
Təəssüf ki, bu məqamlar ürəkaçan deyil.
Yaranan mənzərə onu göstərir ki, İran indiyə qədər passiv, seyrçi qaldığı məsələlərdə aktiv yer almaq istəyir. Bu hal özlüyündə bir o qədər təhlükəli deyil, lakin prosesin Rusiya-Ukrayna savaşı fonunda baş verməsi nəticəni dəyişə bilər.
Belə ki, Ukrayna cəbhəsində zəifləyən Rusiyanın çəkildiyi nöqtələrin İran tərəfindən doldurulması cəhdləri və bununla bağlı Moskva-Tehran razılaşmasının olması mümkündür. Cənubi Qafqaz məsələsinin Suriya problemi ilə paralel olaraq, gündəmə daşınması da rəsmi Tehran üçün avantaj yaradır.
Belə olan halda Azərbaycan və Bakı-Ankara tandemi hansı önləyici addımları atmalıdır?
İranın Cənubi Qafqaza girmək üçün apardığı mübarizənin qarşısı necə alınmalıdır?
Hesab edirəm ki, rəsmi Tehrana qarşı Azərbaycanın müdafiə siyasəti bir an öncə ideoloji hücum siyasəti ilə əvəzlənməlidir. Cənubi Azərbaycanda yaşayan 40 milyon türk vasitəsilə İran üzərində böyük basqı yaratmaq mümkündür.
Elə isə bu metoddan nə üçün istifadə olunmur?
Azərbaycanın cənub qonşumuza qarşı hücum siyasətinə keçməsi üçün ən vacib məqam siyasətdə ideoloji amildir. Təəssüflər olsun ki, 90-ların əvvəllərində əsası qoyulan və İranın qorxulu yuxusuna çevrilən Azərbaycan, türk ideologiyası davam etdirilmədir. Hazırda Türkiyə və türk dövlətləri ilə ölkəmiz arasında siyasi, iqtisadi əlaqələr yüksək olsa da, bu əlaqələr ideoloji platformaya daşınmır. Belə olan halda ölkəmizin İrana qarşı milli kimlik üzərindən hücum siyasəti yürütməsi real görünmür və rəsmi Tehran da bunun fərqindədir.
Bununla belə, 44 günlük savaş dönəmində İran ordusunun Cəbrayılda Azərbaycan ordusunun qarşısını kəsməsini, Zəngilan rayonuna vətəndaşların geri qaytarıldığı gün Xameneyinin məlum bəyanatı kifayət qədər ciddi məqamlardır. Yaranan geosiyasi vəziyyəti, eləcə də yerləşdiyimiz regionun xarakteristikasını nəzərə alaraq, dərhal önləyici addım atılmalıdır.
Azərbaycan Yüksəliş Partiyası olaraq, biz ilk gündən Cənubi Azərbaycan siyasətini əsas fəaliyyət istiqamətlərimizdən biri elan etmişik və rəsmi Tehranla bağlı mexanizmimizi ideoloji xətt üzərində qurmuşuq. Görünən odur ki, seçdiyimiz yol doğru və son dərəcə vacib yoldur. Bu gün sosial şəbəkə səhifələrində yer alan “Təbriz Azərbaycandır!” şüarının rəsmi ritorikaya daşınması elə də uzun çəkməyə bilər.