Bu xristian və müsəlman hökmdarları arasında ilk və əfsanəvi izdivac olaraq bilinir. Toy günü qızılı çadırda əyləşən Dəspinə hatunu Uzun Həsənin çadırına qədər olan yolda əsgərlər qılınclarını göyə qaldırmışdılar. Sarı saçlarını açıq qoyan Dəspinə hatunu çadra qədər olan yolda aşıqlar müşayiət ediblər. Dəspinə hatun o zaman Türk qadınlarının üsulunda bəzənmiş və saçlarını törəyə uyğun düyünləmiş idi. Sinəsinə isə gül bağlayan Dəspinə hatunu görən aşıq ilk sözləri belə ifa edir:
Saçın ucun hörməzlər,Gülü qönçə dərməzlər.
Bu sevda nə sevdadır?
Səni mənə verməzlər.
Qədim zamanlardan Azərbaycan türkləri emosional məqamlarda bədahətən dörd misralıq şeirlər deyirdilər. Dəspinə hatun Uzun Həsənə yaxınlaşır, Hökmdar onun duvağını qaldıranda aşıq növbəti dörd misranı deyir:
Bu dərənin uzunu,Çoban, qaytar quzunu.
Nola, bir gün görəm,
Nazlı yarın üzünü.
Əfsanəyə görə mahnı Uzun Həsənin o qədər xoşuna gəlir ki, aşığa qızıl kisəsi ilə yanaşı bir at da hədiyyə edir.
Millətindən asılı olmayaraq “Sarı gəlin”i dinləyən hər kəs onun sehrinə düşür. Bəli, musiqi beynəlmiləl və ümumbəşəri incəsənət sahəsidir. Onun üçün dil maneələri, tərcüməyə ehtiyac yoxdur və millətlərin sivil dəyərləri sonradan bütün bəşəriyyətin olur. Bax beləcə “Sarı gəlin” zaman-zaman, diyar-diyar türk ellərini dolaşmış, hər kəs öz nisgilinə uyğun “Sarı gəlin” yaratmışdır.