Vaxt.Az

Putinə çox pis “sürpriz” hazırlanır


 

Birləşmiş Ştatlar Ukraynaya qırıcılar verərsə, ...

Putinə çox pis “sürpriz” hazırlanır ABŞ senatorları Ukraynaya müasir qırıcıların verilməsini istəyirlər. “Fox News” bildirir ki, senatorlar Temmi Dakvort, Rocer Viker, Riçard Blümental, Robert Portman və Lindsi Qremin imzaladıqları, ABŞ Müdafiə Nazirliyinə ünvanlanmış müraciətdə belə deyilir.

Onlar müdafiə naziri Lloyd Ostindən və Qərargah Rəislərinin Birləşmiş Komitəsinin sədri Mark Millidən ukraynalılara qırıcıların verilməsi məsələsini müsbət həllini rica ediblər.

Birləşmiş Ştatların Hərbi-Hava Qüvvələri naziri Frenk Kendallın dediyinə görə, hazırda müzakirələr gedir.

Hərbi-Hava Qüvvələrinin qərargah rəisi Çarlz Braun isə bildirib ki, ABŞ Ukraynaya Qərb istehsalı olan 4-cü nəsil, müasir qırıcılar verə bilər.

“ABŞ qırıcıları var, İsveçin “Gripen”i var, “Eurofighter” və ya “Rafales” var. Yəni Ukraynaya göndərilə biləcək müxtəlif sistemlər mövcuddur. Konkret onu deyə bilərəm ki, Şərqi Avropa ölkələrində olan Rusiya istehsallı təyyarələrin Ukraynaya verilməsi birmənalı olaraq istisnadır”, - Ç.Braun söyləyib.

Ekspertlər isə vurğulayırlar ki, ABŞ Ukraynaya əfsanəvi “A-10 Thunderbolt-2” hücum təyyarələrini verə bilər.

“A-10 Thunderbolt-2” təyyarəsi ilk əvvəl zirehli texnikalarla, xüsusilə də tanklarla mübarizə üçün nəzərdə tutulub.

Ukrayna ordusu isə “Javelin”, “NLAW” və PUA-lar vasitəsilə bu işin öhdəsindən gəlir.

Ukraynaya ən müasir texnologiyalarla və silahlarla təchiz edilmiş çoxfunksionallı qırıcılar gərəkdir. Rusiyalıların hava hücumundan müdafiə qüvvələrinin aşkarlama zonasına daxil olmadan tapşırıqları yerinə yetirəcək, şəhərləri və hərbi infrastrukturu raket zərbələrindən qoruyacaq, habelə cəbhə xəttində səmada üstünlük əldə edərək əks-hücum zamanı quru qoşunlarının təhlükəsizliyini təmin edəcək təyyarələrə ehtiyac var.

Bu işlərin öhdəsindən isə ABŞ istehsalı olan “F-16C Block 50” və “F-16V Block 70” qırıcıları gələ bilər.

Birləşmiş Ştatlar Ukraynaya qırıcılar verərsə, bu olay müharibənin gedişatını köklü şəkildə dəyişərək səmada Rusiya HHQ-nın üstünlüyünə son qoya bilər. (Milli.az)

 





21.07.2022    çap et  çap et