Vaxt.Az

Rəcəbov yığmadan gedir?


 

Qrossmeysterimizin davranışı komanda yoldaşlarını məyus edib

Rəcəbov yığmadan gedir? Şahmat üzrə azərbaycanlı məşhur qrossmeyster Teymur Rəcəbov bağlı son günlər qalmaqallı xəbərlər gəlməkdədir. Şahmatçımızın qatıldığı son beynəlxalq turnirlərdə ümidləri doğrultmaması bu xəbərlərə inamı gücləndirir. Məsələn son iddiaçılar turnirində ən bəsit gedişləri görməməsi ağıllara min cür fikirlər gətirdi. Biz “hansı problemlər Teymura düşünməyə mane olur” sualına cavab axtararkən növbəti iddia ortaya atıldı və sonra da təsdiqini tapdı. Teymur Rəcəbov 2022-ci il şahmat olimpiadasında iştirak edəcək milli komandanın heyətində yoxdur.

Bu xəbər bütün şahmatsevərlərimizi məyus etdi. Bu il milli komandamızın olimpiya çempionu olmaq şansı çox güclü idi. Bu olay milli komandanın üzvləri arasında da qanqaraçılıq yaratdı. Çünki olimpiya turnirində iştirak bir komanda oyundur və qazanılan hər xal millimizə hava-su kimi lazımdır. Görünür bu xəbər millimizin üzvlərindən Vasif Durarbəyli daha pis təsir edib. Beynəlxalq dərəcəli qrossmeysterimiz bu xəbərə biganə qala bilməyərək etirazını bildirib.

“Komanda yoldaşı ilə problem olmasın deyə uzun müddətdir bu mövzuda fikir yazmaqdan yayınırdım. Birdən bəs Teymur Rəcəbov fikrini dəyişər və millidə oynayar amma bu baş vermədi. Adının nə qoyulacağını tezliklə bilərik.

Bu dəfə Azərbaycanın ilk olimpiya medalı qazanmaq üçün tarixi şansı yaranmışdı. Prinsipcə hələ də itməyib, lakin açıq danışmaq lazımdırsa Azərbaycanda Rəcəbovu əvəzləyəcək şahmatçı yoxdur və onun getməməsi medal şansını xeyli azaldır.

Bu məqamda xatırlatmaq yerinə düşər ki, Rəcəbovun bu mövqeyə yetməsi üçün dövlət milyonlar xərcləyib. Təbii ki, belə borcu ödəmək mümkünsüzdür. Fəqət, ən azından şəxsi şahmata davam edilən müddətdə yığmada oynamaq şərtdir. Şəxsi turnirlərdə hər kəs sırf öz mənfəəti ,yığmada isə ümumi xeyir üçün iştirak edir.

Kimi Məmməd Arazın “Vətən mən oğul desə nə dərdim, mamır olub qayasında bitərdim” kəlamını əyani həyatımızda nümayiş etdirir.

Kimi də görünür Rəcəbov kimi milyonlarla yatırım alır amma sonsuz mənəvi məsuliyyətinin olduğunu dərk etmir. 2019- da son anda yorğunluq bəhanə edib komandanı yarı yolda qoymaq, 2021-də 8 oyun mübarizəsiz heç-heçələr, indiki imtina və hələ bildiyim amma bölüşmədiyim bir çox qeyri-ictimai məlumatlar mənə bunu deməyə əsas verir.

Qısası, məncə Rəcəbov iki əli qanda olsa belə, özünü bu olimpiadaya yetirməli idi! Etmədiyinə görə də onu qınayıram”.

Qeyd edək ki, Rəcəbovu olimpiadada əvəzləyəcək şahmatçı da artıq bəlli olub. 35 yaşlı qrossmeysterin əvəzinə Hindistana kapitan kimi getməli olan Nicat Abasov Teymurun yerinə mübarizə aparacaq. Komandada onunla yanaşı, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov və Vasif Durarbəyli yer alacaq. Qeyd edək ki, Azərbaycan komandası bununla reytinq ortalamasında 2-ci yerdən 6-cı yerə düşüb.

 





21.07.2022    çap et  çap et