Putin fevralın sonunda Rusiya qüvvələrinə Ukraynaya daxil olmağa əmr vermədən öncə onunla görüşən son ABŞ rəsmisi olan Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru Vilyam Börns ötən çərşənbə günü xəbərdarlıq edib ki, Rusiya lideri həqiqətən də öz müqəddəratını yerinə yetirmək üçün Ukraynanı fəth etməli olduğuna inanır.
“Putin həqiqətən də ritorikasına inanır və mən onun illər boyu gizlicə Ukraynanın həqiqi bir ölkə olmadığını dediyini eşitmişəm…” O həqiqətən də bir həftədən qısa bir zamanda Kiyevi ələ keçirə biləcəyinə inanırdı”, – Börns Kolorado ştatının Aspen şəhərində keçirilən illik Aspen Təhlükəsizlik Forumunda audioriyaya deyib.
“O inanır ki, onun Rusiya lideri kimi müqəddəratı Rusiyanı yenidən böyük dövlət kimi bərpa etməkdir… və o bunun Ukrayna və onun seçimlərinə nəzarət etmədən mümkün olmadığına inanır”, – Börns əlavə edib. “O inanır ki, bu, onun hüququdur, Ukraynanı idarə etmək Rusiyanın hüququdur”.
ABŞ kəşfiyyatının əvvəlki dəyərləndirmələrində deyilirdi ki, Putinin bütün Ukraynanı fəth etmək cəhdindən əl çəkmək niyyəti olmasa da, o, işğal başlayandan bəri əhəmiyyətli itkilərdən sonra qüvvələrinə yenidən qruplaşmaq üçün vaxt tanımaq məqsədilə döyüşü rəsmi olaraq dayandırmağa hazır ola bilərdi.
“Bizim nöqteyi-nəzərimizə görə, qarşıdakı aylarda hadisələrin necə inkişaf edəcəyindən və sairdən asılı olaraq o, (Putin – red.) inanır ki, bir növ razılığa gəlməyə dəyər”, – ABŞ Milli Kəşfiyyatının direktoru Avril Heynes keçən ay demişdi.
ABŞ kəşfiyyatı təxmin edir ki, Ukraynada 15 min rus əsgəri ölüb, 45 mini yaralanıb. Ukraynanın müdafiə rəsmiləri ölən rus əsgərlərinin 38 minə yaxın olduğunu bildirir.
Börns hər hansı razılığın əldə olunacağına şübhə ilə yanaşıb və bu ehtimalın Putinin dünya görüşü ilə uyğun gəlmədiyini bildirib.
Putin “nəzarət, hədə-qorxu və qisasa çox inanır”, – Börns deyib və Rusiya liderini “intiqam əshabəsi” adlandırıb. “Putin inanır ki, o, tükəndirmə müharibəsində müvəffəq ola bilər, onlar Ukrayna ordusunu tükəndirə bilər, qarşıdan qış gəldiyi üçün o, Ukrayna iqtisadiyyatını boğa bilər, Avropa ictimaiyyətini və rəhbərliyini, Birləşmiş Ştatları tükəndirə bilər”.
“Mənim öz düşüncəm odur ki, Putinin müharibədən öncə [NATO] ittifaqını dağıda və Ukraynanın iradəsini sındıra biləcəyi ilə bağlı fərziyyələri yanlış idi və mən onun indi də yanlış olduğunu düşünürəm,” Börns deyib.
Rusiyanın hədəflərini Donbas bölgəsi ilə məhdudlaşdırması və Moskvanın Kiyev üzərində üstünlük qoruduğu uzun-mənzilli artilleriyadan istifadəni artırması onun Ukraynadakı ilk uğursuzluqlarından dərs aldığına işarə edir.
Ancaq eyni zamanda, Putinin ambisiyalarının yenidən üzə çıxdığına dair işarələr var.
Rusiyanın Xarici işlər naziri Sergey Lavrov çərşənbə günü xəbərdarlıq edib ki, Rusiya qüvvələri Ukraynaya ABŞ-ın Yüksək hərəkətlilik qabiliyyətinə malik artilleriya raket sisteminin (HİMARS) verilməsi səbəbilə yaxında “xüsusi əməliyyatı”nı genişləndirə bilər.
“İndi coğrafiya dəyişib. Söhbət təkcə Donetsk və Luhanskdan getmir, Xerson, Zaporojye və bir neçə başqa ərazidən gedir”, – Lavrov dövlət mediasına bildirib.
“Biz Ukraynanı Zelenski və ya onu əvəz edəcək kiminsə nəzarət etdiyi hissəsinin bizim ərazilərimiz və öz gələcəklərini müəyyən etmək istəyən və müstəqilliklərini elan edən respublikaların ərazilərinə birbaşa təhlükə yaradan silahlara sahib olmasına imkan verə bilmərik”.
ABŞ ordusunun rəsmilərinin məlumatına görə, indiyədək 200 ukraynalı əsgərə HİMARS-la bağlı təlim keçirilib və azı səkkiz sistemdən Rusiyanın silah anbarları və kommandanlıq və nəzarət mərkəzlərini hədəf alıb, dağıtmaq üçün istifadə olunub.
ABŞ-ın müdafiə rəsmiləri bildirib ki, Ukrayna ordusuna əlavə dörd HİMARS göndərilir.