Vaxt.Az

“Ən çətin sınaq oldu”


 

Teymur Rəcəbov: “Həkimlər psixo-emosional stressi qadağan ediblər”

“Ən çətin sınaq oldu” Teymur Rəcəbov iyulun 28-də Hindistanda start götürəcək Dünya Şahmat Olimpiadasında Azərbaycan milli komandasının heyətində yer almayacaq. 35 yaşlı qrossmeyster Olimpiadada oynamaqdan imtina edib.

Teymur Rəcəbov mətbuata açıq məktubunda beynəlxalq turnirdə iştirak etməyəcəyini səhhətindəki problemlərlə izah edib: “Uzun müddətdir ki, müalicə üçün dərman qəbul edirəm, şiddətli fiziki ağrılar yaşayıram. İstənilən peşəkar şahmatçının həyatında və karyerasında əsas yarış olan İddiaçılar Turniri gözlənildiyi kimi mənim üçün fiziki və psixoloji sağlamlığımı tamamilə pozan ən çətin sınaq oldu. Turnirdən qayıdandan sonra yüksək hərarət, ağır öskürək və ağırlaşmalara səbəb olan COVİD-19 xəstəliyinə tutuldum”.

Rəcəbov qeyd edib ki, hazırkı durumda milli komandaya xeyir verə bilməz, bir müddət bərpa olunmağa məcburdur:

“Nəzərinizə çatdırım ki, həkimlər bir neçə ay ərzində ambulator müalicəni tövsiyə etməklə hər hansı bir psixo-emosional stressi qadağan edib”.

O, peşəkar şahmata qayıtmaq üçün hər şeyi edəcəyini vurğulayıb, milli komandadakı bütün yoldaşlarına qarşıdan gələn Olimpiadada uğurlar arzulayıb: “Ümid edirəm ki, yenidən millidə yüksək səviyyədə yarışa biləcəyəm. Ölkəmin şərəfini qorumaqdan heç vaxt imtina etmərəm”.

 





21.07.2022    çap et  çap et