Vaxt.Az

Fəalların bəzisi sərbəst buraxılıb


 

SEPAH etirazlar zamanı saxlanılanların bir çoxuna işgəncə verib

Fəalların bəzisi sərbəst buraxılıb Urmiya gölündə yaşanan ekoloji fəlakətlə bağlı iyul ayının 16-da təşkil olunan etiraz aksiyaları ilə əlaqədar Urmiya, Təbriz, Sulduz və Qoşaçay kimi şəhərlərdə saxlanılan vətəndaşlardan bəziləri sərbəst buraxılıb.

Urmiya gölü etirazları ilə bağlı hazırda müxtəlif şəhərlərdə nəzarətdə saxlanılan fəalların sayı məlum deyil. İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinin məlumatına əsasən, Urmiyada saxlanılan Hüşəng Nağızadə, Mikayıl Qulipur, Səid Gülməhəmmədi və Əlirza Qasımzadə hazırda Urmiyanın mərkəzi həbsxanasında saxlanılırlar.

Hüquq müdafiəçilərinin yaydığı məlumata görə, saxlanılan vətəndaşlar və milli fəallar təhlükəsizlik qüvvələri tərəfindən döyülüblər. HRA agentliyi, o cümlədən, Rza Etibarı Radın Urmiyada İslam İnqilabı Qvardiyası (SEPAH) qüvvələrinin zorakılığına məruz qaldığını bildirib.

İyul ayının 16-da Urmiya şəhərində etiraz aksiyası baş tutub, ancaq Təbriz və digər şəhərlərdə vətəndaşlar polis və təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi ilə dağıdılıblar.

HRA agentliyinin bildirdiyinə görə, nəzarət altına alınanların hamısı aksiyaların baş verdiyi bölgələrdə tutulmayıb. Misal üçün, Huşəng Nağızadə Urmiyada iş yerindən çıxdığı zaman saxlanılıb.

 





21.07.2022    çap et  çap et