Ölkələr öz sərhədləri daxilindəki ərazilərdən danışarkən “на” sözönündən istifadə edilir. Məsələn “Qafqazda” deyərkən “на Кавказе”, “Uralda” deyərkən “на Урале” və s. Ölkələrə münasibətdə isə “в” sözönündən istifadə edilir. Məsələn, “Azərbaycanda” deyərkən “В Азербайджане”, “Özbəkistanda” deyərkən “В Узбекистане” və s. Yalnız bir ölkədə bu qayda pozulur – Ukraynada. Bu ölkədən danışarkən və yazarkən rus dilində “На Украине” ifadəsi işlənilir. Müstəqillik əldə etdikdən sonra Ukrayna ziyalıları və siyasətçiləri bu qaydaya etiraz bildirməyə başladılar. Bir dəfə Ukraynanın birinci prezidenti mərhum Leonid Kravçukun bununla bağlı haqlı narazılıq etdiyi verilişi də seyr etmişəm. O, bildirirdi ki, ruslar qəsdən Ukraynaya münasibətdə “на” sözönündən istifadə edirlər. Çünki onlar Ukraynanı Rusiyanın bir hissəsi hesab edir və başqa bir suveren ölkənin ərazisindən danışarkən “на Украине” deməklə bizim suverenliyimizə qəsd edirlər.
Rusiyanın Ukraynaya təcavüz etdiyi 24 fevraldan sonra bu sahədə də qəribə vəziyyət yaranıb. Kreml propaqandistləri əvvəlki qaydada “на Украине” ifadəsini təkrarlamaqdadırlar. Ukraynanın suverenliyinə hörmətlə yanaşan rus jurnalistlər isə “в Украине” deyirlər. Ən maraqlısı isə odur ki, indi Rusiyadan danışarkən əksər Ukraynalı jurnalistlər “в России” ifadəsinin əvəzinə “на России” ifadəsindən istifadə edirlər. Bu yanaşmanın verdiyi mesaj belə açıqlana bilər ki, artıq Ukraynalılar Rusiyanın bəzi torpaqlarını özlərininki hesab edirlər.