Mədəni fəal, gənc müəllim İlham Təvəkküliniya milli geyiminə görə məhdudiyyətlərlə üzləşməsi barədə özünün sosial media hesabında paylaşım edib.
“Gözətçilər mənə bu geyimlə bağa girməyin qadağan olduğunu dedilər. Səbəbini soruşduqda geyimin uyğun olmadığını bildirdilər. Onlardan soruşdum ki, qadağa türk milli geyimində olduğuma görədir? Onlar “hə” cavabını verdilər”, – deyə, gənc qaşqay müəllim yazıb.
İlham Təvəkküliniya paylaşımında doğulub boya-başa çatdığı şəhərdə öz milli geyimi ilə gəzə bilməməsinə görə özünü qərib hiss etdiyini bildirib.
Həmid Həzrətinin şeirindən sitat gətirən Qaşqay fəal paylaşımında qaşqay fəal bu torpaqların ingilis işğalından azad edilməsi uğrunda minlərlə qurban verdiyini xatırladıb, qaşqayların adi geyimə görə qadağalarla üzləşməsindən təəssüfləndiyini ifadə edib.
Qeyd edək ki, iyunun əvvəllərində Şirazın “Narincistan” parkına qaşqay geyimində gedən gənc qızın keşikçilər tərəfindən oradan uzaqlaşdırıldığı barədə xəbər qaşqay və Güney Azərbaycan türklərinin etirazlarına səbəb olmuş, sosial mediada bu hərəkətə qarşı kampaniya başladılmışdı.
İranın Kohgiluyə və Böyirəhməd, İsfahan, Fars, Xuzistan və Buşehr əyalətlərində yaşayan qaşqay türklərinin torpaqları “Qaşqay yurd” adı ilə tanınır.
Saylarının ortalama 3 milyon olduğu bildirilən qaşqayların bir qismi yüksək dağlıq ərazilərdə yaşayırlar və daha çox maldarlıq və toxuculuqla məşğul olurlar.