Vaxt.Az

Kiyevdən Tehrana etiraz


 

“Hökumətin bəyanatlarının dəyişdirilməsindən narahatıq”

Kiyevdən Tehrana etiraz Ukrayna Xarici İşlər Nazirliyi İranı Rusiyanın Ukraynaya qarşı aqressiv davranışını gücləndirən hər hansı bəyanat və ya hərəkətlərdən çəkinməyə çağırıb.

Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko İran hökumətinin Rusiyanın Ukraynaya müdaxiləsinə dolayısı ilə haqq qazandıran bəyanatlarına reaksiya verib.

“Rusiya müharibəsi başlayandan İran neytrallığını bəyan edərək, atəşkəs və siyasi-diplomatik həll yolunu tələb edib. Bu baxımdan Ukrayna tərəfi İran hökumətinin bəyanatlarının dəyişdirilməsindən narahatdır”, – deyə Oleq Nikolenko bildirib.

Nikolenko daha sonra bildirib ki, Rusiyanın təcavüzkar hərəkətlərinə göz yummaq Rusiyanı Ukrayna xalqına qarşı ədalətsiz müharibəsini davam etdirməyə təşviq etməklə yanaşı, həm də dünyanın digər bölgələrində sülh və təhlükəsizliyin pozulmasına zəmin yaradır.

“Ukraynanın Rusiyaya hücuma hazırlaşmaqla bağlı bütün iddia edilən ittihamlar əsassız və manipulyasiyadır. Biz İran tərəfindən Rusiyanın Ukraynaya qarşı təcavüzkar siyasətini alovlandıran hər hansı bəyanat və ya hərəkətlərdən çəkinməyi tələb edirik”-deyə, Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü İran rəhbəri Əli Xameneyinin çıxışına cavab verib.

Qeyd edək ki, Əli Xameneyi bundan öncəki paylaşımında Vladimir Putinlə görüşündə Ukrayna müharibəsi ilə bağlı işlətdiyi ifadələri “Twitter” hesabında paylaşıb.

“Əgər siz Ukrayna məsələsində təşəbbüsü ələ almasaydınız qarşı tərəf buna təşəbbüs göstərib və müharibə başladacaqdı”, – deyə Xameneyi Putinlə görüşündə bildirmişdi.

 





23.07.2022    çap et  çap et