Vaşinqton Türkiyə, BMT, Ukrayna və Rusiya təmsilçiləri ilə İstanbulda imzalanan taxıl anlaşmasını sözdə dəstəkləsə də, əsl həqiqətdə Ankaranın Moskva ilə Kiyev arasındakı vasitəçiliyindən narahatdır. Çünki bu vasitəçilik Türkiyənin bölgədəki rolunu və gücünü artırır. Bu isə Türkiyənin “soyuq müharibə” illərindəki müttəfiqi olan ABŞ-ın maraqlarına uyğun deyil. Kiyevlə Moskva arasında vasitəçi Yunanıstan olsaydı Vaşinqton həm sözdə, həm də əməldə Afinanı dəstəkləyərdi. Ancaq Yunanıstanın bölgədə çəkisi yoxdur, üstəgəl Rusiya bu dövləti “qeyri-dost dövlətlər” siyahısına əlavə edib.
Ərdoğanın Baydendən fəal olmasına baxmayaraq, Türkiyə Cumhurbaşqanı üçün gələnilki prezident və parlament seçkiləri ağır keçəcək. Türkiyədə keçirdiyim son görüşlər və müşahidələrim əsasında gəldiyim qənaət budur ki, hakim partiya bu dəfə liderliyi əldə verə bilər. Türkiyədə qiymət artımı insanları narahat edir, vətəndaşların alım gücü azalıb. Bunun seçkinin nəticələrinə təsiri olacaq. Ərdoğanın neçə il öncə maraqlı ifadəsi var idi: “metal yorğunluq”, yəni Cumhurbaşqanı bu ifadə ilə partiyadaşlarını xəbərdar etmişdi ki, fəallaşmalı və vətəndaşların qəlbini yenidən qazanmaq lazımdır. Ərdoğan 20 il ərzində özünü və partiyadaşlarını seçkilərdə qəbələlərlə sevindirdi. Bu dəfə də bu mümkün olacaqmı? Türkiyədə söhbət etdiyim bəzi ekspertlər Ərdoğanın gələn ilin iyununu gözləmədən seçkini erkən tarixə, misal üçün bu ilin noyabr ayına təyin edə biləcəyi ehtimalının olduğunu da vurğulayırlar. Məqsəd qış aylarını gözləmədən indiki reytinqi qoruyaraq seçkiyə qatılmaqdır. Bütün hallarda noyabr və ya iyun ayı olsun, hakimiyyətə seçkidə səsləri qorumaq üçün iqtisadiyyatda dönüş yaratmaq lazımdır.