Entoni Blinken il başlayandan dəfələrlə həm Bakıya, həm də İrəvana zəng edib. Blinken rusiyalı həmkarı Sergey Lavrov qədər fəal olmağa çalışır. Buna baxmayaraq, Blinken bir məsələdə Lavrovdan geri qalır. Rusiyanın xarici işlər naziri bir neçə dəfə Bakıya və İrəvana səfər edib, Blinken isə hələ bölgəyə gəlməyib, yalnız müşavirlərinin köməkçilərini göndərib. Digər tərəfdən Entoni Blinken Paşinyanla söhbətdə “ABŞ Minsk Qrupunun həmsədri olaraq fəaliyyətini davam etdirməyə hazırdır” ifadəsini işlədib. Vaşinqton Minsk Qrupundan əl çəkmək istəmir. Halbuki, belə bir qrup yoxdur, mövcud olmayan qrupun məşğul olmaq istədiyi mövzu da gündəmdə deyil. Vaşinqtonun “Minsk Qrupu” israrı ABŞ-Azərbaycan münasibətlərinə müsbət heç nə vəd etmir, bu isə Rusiyanın maraqlarına cavab verir. Görəsən bunu Vaşinqtonda nə zaman anlayacaq və reallığı qəbul edəcəklər?