Bu araşdırmada iddia olunur ki, sosial media şəbəkələrində Mərkəzi Asiya ölkələrinin sakinlərini, xüsusilə də Qırğızıstan və Özbəkistan vətəndaşlarını Rusiyanın “Wagner” özəl hərbi şirkətində işə çağıran elanlar dərc edilir.
Elanlarda söhbət konkret olaraq Ukraynadan yox, Rusiyanın müxtəlif regionlarından gedir.
Elanlarda göstərilir ki, namizədlər Rusiyanın ucqar regionlarında “sənaye obyektlərinin mühafizəsi” ilə məşğul olacaqlar.
***
Lakin jurnalistlər elanlarda göstərilən nömrələrə zəng etdikdə onlara tamamilə başqa bir iş – Ukraynada aparılan “xüsusi əməliyyatda” iştirak təklif edilib və aya 240 min rubl (4102 dollar) maaş vəd olunub.
Bu da bildirilib ki, işə götürən təşkilat Rusiya Müdafiə Nazirliyinin maraqları üçün işləyir, amma xəsarət alanlara heç bir kompensasiya nəzərdə tutulmur.
İşə qəbul olunmaq istəyənlərə Krasnodar diyarının Molkino xutoruna gəlmək təklif edilir. Bundan əvvəlki jurnalist araşdırmaları müəyyən etmişdi ki, bu kənddə “Wagner” özəl hərbi şirkətinin bazası yerləşir.
***
Qırğızıstan vətəndaşlarının ölkə xaricindəki münaqişələrdə iştirakı cinayət əməli hesab edilir. Bir sıra medialar “Wagner” özəl hərbi şirkətinin müxtəlif ölkələrdə muzdlu əsgər toplaması barədə məlumat vermişdilər.
Digər tərəfdən Rusiya hakimiyyəti ölkədə hər hansı özəl hərbi şirkətin olmasını inkar edir. Halbuki bu təşkilat və onun döyüşçüləri barədə kremlyönlü media da xəbərlər yayır. İndiyədək azı iki Qırğızıstan vətəndaşının Ukraynada həlak olduğu məlumdur.
Xəbər verilirdi ki, Ruslan Polatov və Amanbek Kurbanbayev Rusiya qoşunlarının tərəfində döyüşüblər. Lakin onların ora necə gedib çıxmaları və kim tərəfindən səfərbər olunmaları barədə məlumat yoxdur.
Bu da qeyd olunmalıdır ki, Rusiya regionlarında da Ukrayna müharibəsində iştirak üçün könüllülər toplanır. Amma onlar Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayırlar.