Şimal-Cənub nəqliyyat dəhlizi Azərbaycanın da faydasınadır. Birincisi, tranzitdən gəlir əldə edəcəyik. İkincisi, nəqliyyat dəhlizi Azərbaycanın bölgədə rolunu daha da artıracaq. Üçüncüsü, Azərbaycanın Rusiya və İranla münasibətlərində mövcud bir sıra siyasi gərginliklərə rəğmən, ortaq nəqliyyat layihəsi yumşaldıcı rol oynayacaq. Dördüncüsü, Rusiya və İran İrəvanın yalvarışlarına rəğmən, şimal-cənub nəqliyyat dəhlizində Ermənistanı deyil, Azərbaycanı seçdi.
Rusiyanın krediti ilə 164 kilometrlik dəmiryolu xətti çəkilməlidir. Hazırda Astara ilə Rəşt arasındakı məsafədə yüklər avtomobil nəqliyyatı vasitəsilə çatdırılır ki, bu sürəti azaldır. Rusiya bu yolla il ərzində 30 milyon ton yük daşımağı planlaşdırır. Bu marşrutdan Hindistan da istifadə etməyi planlaşdırır. Hazırda Hindistanın Mumbay şəhərindən Rusiyanın Sankt-Peterburq şəhərinə yüklər dəniz və Süveyş kanalı yolu ilə 30-45 günə çatdırılır, şimal-cənub xətti işə düşdükdən sonra isə məsafə 15-24 günə qədər qısalacaq.