Yaxşı bəs həqiqətən çıxış yolu haradadır?
Mən razı : Akademiya dövrünü başa vurub, ciddi islahatlara ehtiyac var, dövlətin boynunda bir yükdür və s.. Bunları bildik, şübhə doğurmayacaq faktlardır. Bəs günah keçisi tək Milli Akademiyadırmı? Doğurdan, Azərbaycan elminin qarşısını kəsən AMEA-nın varlığıdır? O zaman ildə milyonlarla pul qazanan və böyük maddi elmi bazaya sahib Dövlət Universitetləri nə işlə məşğuldurlar? Bəlkə, BDU və ya Tibb universitetində dünya səviyyəli ixtiralar olub, bizim xəbərimiz yoxdur? Halbuki bunun üçün böyük maddi bazaları var. Rüşvət, yerlibazlıq və tanışlıq əsasında işə qəbul mexanizmi bütün dövlət strukturlarını sarmaşıq kimi bürüyüb , o cümlədən ,elm və təhsil müəssisələrini. Son 20 ildə elm və təhsil ocaqlarında işə qəbul olunanların, müdafiə edib elmi ad alanların, mühazirə demək üçün auditoriya girən müəllimlərin səviyyəsi attestasiya edilsə, acı reallıq ortaya çıxar. 90 faiz yararsız olduğu bəlli olar. Bu gün Azərbaycanda nisbətdə götürəndə özəl təhsil ocaqlarında daha səviyyəlidir. Bəli, orada da elmin inkişafından söhbət getmir, lakin təhsil daha keyfiyyətlidir, şübhəsiz. Niyə? Səbəblər çoxdur. Birincisi, özəl təhsil müəssisəsi rahat şəkildə DİM tərəfindən tələbə ilə təmin olunmur. Özəl müəssisənin tələbə və valideyni (maddi təminatçı kimi) tərəfindən seçilməsi üçün həmin Universitet mücadilə aparır. Qarşı tərəfi təmin etmək üçün təhsil qarantoru kimi çıxış edir. Məzunun savadlı kadr kimi yetişməsi üçün öhdəlik götürür boynuna. Bəli, ilk növbədə müəssisə verdiyi təhsilə görə və məzunlarının sonradan işlə təmin olunmasına görə məsuliyyət daşımalıdır. Dövlət işlərinə qəbul və attestasiya zamanı yuxarı bal toplayanların hansı Universitet məzunu olduğu da aşkara çıxmalı, bal şkalası ilə Universitetlər (dövlət və ya özəl fərq qoymadan) dəyərləndirməli və loru dillə desək, Ulduz almalıdırlar. Bu da tələbə qəbulu zamanı ayrılan yerlərə təsir etməlidir. Bu zaman dövlət Universitetləri keyfiyyəti qaldırmaq haqda düşünmək məcburiyyətində qalacaqlar. Müəllim seçimi və elmi müdafiələri ədalət prinsipi üzərində aparmaq məcburiyyətində qalacaqlar. Yoxsa ki, hər məqaləsi dünyada tanınan dərgi və jurnallarda çap olunan artıq alimdir. O jurnallarda çap olunmağında yolları var. Nə isə... Bu ayrı mövzudur.
Nə təklif edirik?
Gəlin öncə reytinqi məzunların: keyfiyyətindən başlayaq. Çünki səbəb nəticəni doğurur, nəticə prosesi müəyyənləşdirir. Verdiyi təhsilə görə heç bir məsuliyyət daşımayan, illik tələbə qəbulu yüksək səviyyədə dövlət tərəfindən təmin olunan təhsil müəssisələrimiz təhsilin və eləcə də elmin qarşısında olan əsas əngəldir. Məsuliyyətsizlik hər zaman işin keyfiyyətinə mənfi təsir göstərir.
Təhsilimizin və elmin vəziyyəti can ağrıdır. Səbəblər çoxdur. Yuxarıda sadalananlar zəncirin bir halqasıdır. Aşağı maaşdan tutmuş üzü yuxarı zəncirvari çox səbəb göstərə bilərik. Önəmli olan çıxış yollarını cəmiyyətdə müzakirə obyektinə çevirməkdir. Sözüm elmi camiyəyədir: Platformalarda çıxış edək. Müzakirələr açaq. Hər bir fikir dəyərlidir. Uzun müzakirələrdən sonra gəldiyimiz nəticələri ümumiləşdirib əlaqədar orqanlara müraciət edək. Biz etməsək, kimsə əvəzimizə elmimizi, bizi qurtarmayacaq. Bu bir reallıqdır. AMEA-nın bağlanmasından danışırlar. Çıxış yolu budurmu?
Ən qədim elm ocağımızın bağlanması nə nəticə verəcək? Orada çalışan həqiqi alimlərin, özü də gənc alimlərin taleyi necə olacaq? Böyük rüşvətlə dövlət Universitetlərinə işə qəbul üçün müraciət edəcəklər? Bir sıra dövlət əhəmiyyətli tədqiqat institutlarının taleyi kimisə maraqlandırır?
Bəli, AMEA dəyişməlidir. İslah olunmalıdır, hətta irəli gedib deyə bilərəm ki, ümumiləşmiş böyük struktur kimi ləğv olunmalı, İnstitutlar müstəqil fəaliyyət göstərməlidirlər.
Bütün bu səbəb və çıxış yolları birgə apardığımız müzakirələr əsasında yekdil gəldiyimiz nəticələr üzərində aparılmalıdır. Yoxsa hərə əlinə bir mikrofon alıb AMEA da məzuniyyət vaxtı "niyə işçi yoxdur?"- sualıyla cəmiyyəti çaşdırmamalıdır.