Vaxt.Az

“Daha effektiv yardım etməyə hazırıq”


 

Ned Prays: “Biz Minsk Qrupunun həmsədrləriyik, ancaq ...”

“Daha effektiv yardım etməyə hazırıq” Vaşinqton Azərbaycana və Ermənistana “istənilən yolla, daha effektiv olacaq formatda yardım etməyə hazır olduğunu” təsdiqləyib.

“Turan” Agentliyinin xəbərinə görə, bunu iyulun 26-da günlük brifinqdə Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamentinin nümayəndəsi Ned Prays bildirib.

Bakının ATƏT-in Minsk Qrupuna qarşı davam edən tənqidi ilə bağlı “Turan”ın sualına cavabında da Prays deyib: “Biz 1994-cü ildən Minsk Qrupunun həmsədrləriyik, ancaq biz artıq göstərmişik ki, Ermənistan və Azərbaycanın uzunmüddətli və hərtərəfli sülh əldə etməsinə kömək etmək üçün ikitərəfli əsasda da qarşılıqlı fəaliyyətə hazırıq”.

İyulun 25-də ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan liderlərilə son telefon danışığı zamanı iki ölkə arasında əlaqələrin qurulmasına ölkəsinin yardımını bir daha təklif edib.

Praysın sözlərinə görə, hər iki tərəfdaşlarla daimi əlaqələr və diplomatik danışıqlar sayəsində müəyyən irəliləyiş var. O qeyd edib ki, bu prosesi davam etdirmək üçün Dövlət Departamentində Blinkendən başqa həmkarlarla (Bakı və İrəvanda) qarşılıqlı fəaliyyət göstərən bir sıra yüksək vəzifəli məmurlar var.

 





27.07.2022    çap et  çap et