Vaxt.Az

İranda tibb işçilərinin mühacirəti artıb


 

Son iki ildə minlərlə həkim və tibb bacısının ölkəni tərk edib

İranda tibb işçilərinin mühacirəti artıb İran Tibb İşçiləri Təşkilatının sədr müavini Məhəmmədtağı Cahanpur Səhiyyə Nazirliyinin tibb işçiləri və tibb bacılarına qarşı münasibətini tənqid edib.

O, nazirliyin tibb bacılarına qarşı mövsümi işçi kimi davrandığını, barələrində haqsızlıq edildiyini və bu səbəbdən hər ay 100-150 tibb bacısının ölkəni tərk etdiyini deyib.

“Tibb bacılarının mühacirətə məcbur olmalarına səbəb məişət problemləri, əmək haqlarının az olması və daimi işə götürülmələri ilə bağlı təminatlarının olmamasıdır”, – deyə Cahanpur bildirib.

İran Tibb İşçiləri Təşkilatının sədr müavini koronavirus pandemiyası dövründə tibb bacılarının aldadıldığını, onları daimi olaraq işə götürüləcəkləri ilə bağlı vəd verib yoluxma sayı azalandan sonra onların işdən çıxarıldıqlarını söyləyib.

Hal-hazırda İranda 100 min tibb bacısının çatışmadığını deyən Cahanpur, Səhiyyə Nazirliyinin yalanlarının bu problemin daha da dərinləşməsinə səbəb olduğunu, tibb bacılarının başqa ölkələrdə iş axtarmaları ilə nəticələndiyini vurğulayıb.

Bundan bir neçə gün öncə İran parlamentinin Səhiyyə Komissiyasının başçısı Hüseynəli Şəhriyari son iki ildə minlərlə həkim və tibb bacısının ölkəni tərk etdiyini deyib.

Bununla yanaşı İranın “Cavan” saytı İranda həkimlərin dolanışıq problemləri və əmək haqlarının aşağı olduğuna görə Türkiyə və Omana mühacirət etdiklərini yazıb.

 





27.07.2022    çap et  çap et