Xerson vilayətində Dnepr çayı üzərindəki Antonovski körpüsü vurulandan sonra hərbi təhlilçilər deyirlər ki, Rusiyanın təchizat xətlərini idarə etməsi, tutduqları əraziləri müdafiəsi çətinləşəcək.
Kiyev Rusiyanın işğalın ilk günlərində tutduğu əraziləri geri almaq üçün hücuma başlamaq gücündədirmi? Jurnalist Reyd Stendiş bu haqda ABŞ-ın keçmiş müdafiə rəsmisi, Vaşinqtonda yerləşən Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin əməkdaşı Kris Dauqerti ilə söhbət edib.
***
Təhlilçi deyir ki, ukraynalıların cənubda əraziləri geri alması planı “cənub” deyəndə hansı yerləri nəzərdə tutmasından asılıdır. Əgər söhbət Xersondan və ətraf ərazidən gedirsə, “onlar sentyabrın sonunacan buna nail ola bilərlər”.
“Ancaq əgər Krım və Ukraynanın cənubunda qalan hissə də buraya daxildirsə, onda məncə, cavab “xeyr”dir. Onların hazırda malik olduqları avadanlıq və ehtiyat resurslarla buna nail olmaq, yəqin, mümkün deyil”, – o vurğulayır.
Bəs, Kiyevin HIMARS sistemləri ilə Rusiyanın təchizat xətlərini vurması Xersonun geri alınması üçün əks-hücuma zəmin hazırlayırmı? Dauqerti nəzəri olaraq bunun belə olduğunu, ancaq ukraynalıların Donbas döyüşlərində bu sistemlərdən fərqli istifadə etdiyini deyir.
***
“Ukraynalılar Donbasda HIMARS-dan Rusiyanın hücumunu önləmək üçün istifadə edirlər, onun atəş gücünə, logistika dəstəyinə, eləcə də komandanlıq və nəzarət nöqtələrinə zərbə vururlar. Belə hədəfləri vuranda digər tərəfi sursat və avadanlıqdan məhrum edə bilərsən... Bədənin başını kəsəndə o çox iş görə bilmir. Ukrayna da Donbasda qan axıdılmasını dayandırmağa çalışır... Amma Qərb silahlı qüvvələrinin doktrinasında HIMARS-dan istifadə onları hücuma hazırlamaqdan ibarətdir. Bu sistemlər hazırda bu məqsədlər üçün istifadə olunmaya bilər”, – təhlilçi deyir.
Onun sözlərinə görə, hazırda NATO və ABŞ-da plan quranları narahat edən məsələ hücumla bağlıdır. Onlar Rusiyanın mövqelərini yara biləcək hücumdan ötrü Ukraynanın yetərincə heyət, material, sursatından olmasından əmin deyillər.
“Əvəzində biz elə rusiyalıların Donbasda irəliləməsinə oxşar, sürünən hücum görə bilərik. Yalnız bir-iki kilometr irəliləyəndə böyük canlı qüvvə və avadanlıq itkisiylə döyüş ola bilər”, – Dauqerti söyləyir.
***
“Çoxsaylı Qərb rəsmiləri, o cümlədən Böyük Britaniyanın MI6 idarəsinin başçısı Riçard Mur bu yaxınlarda deyib ki, Rusiya Ukraynada “əldən düşmək üzrədir”, onlar bir neçə həftəyə canlı qüvvə və material təchizatında çətinliklə üzləşə bilərlər. Bu dəyərləndirmə ilə razısınızmı, hazırda Rusiyanın gücünü necə görürsünüz?”
Dauqerti heç də rusiyalıların iflas ərəfəsində olduğunu düşünmür. “Əgər elədirsə, onda ukraynalıların vəziyyəti də yəqin belədir”, – o deyir.
Təhlilçi durumu boksla müqayisə edir, hazırda 15 raundluq qarşıdurmanın 12, ya 13-cü raundunun baş verdiyini, tərəflərin bir-birinə ta əvvəldən həlledici zərbə vurmağa çalışdığını deyir.
“İndi hər ikisinin başı hərlənir, qış gəlməzdən yerdə vəziyyəti dəyişmək üçün son zərbəni vurmağa çalışırlar... Məncə, Ukrayna üçün durumu təcili edən odur ki, soyuq qış başlasa, strateji durum Rusiyanın xeyrinə dəyişəcək, Avropaya qaz təchizatında azalma olacaq”, – o vurğulayır.
Digər tərəfdən Rusiya payızda Ukraynanın cənubunda bəzi hissələri ilhaq etmək istəyir. Dauqerti Rusiyanın bu cəhdlərini mənasız sayır, çünki beynəlxalq ictimaiyyət bu addımı tanımayacaq.
***
“Ancaq qışın ortasında Avropaya qaz verilməsinin dayandırılması ciddi təhdiddir. Bundan siyasi silah kimi istifadəni görmüşük, məncə, yenə də görəcəyik”, – hərbi ekspert qeyd edir.
Onun sözlərinə görə, ukraynalılar soyuq qış başlayanda Qərbin hərbi dəstəyinin səngiyə biləcəyindən narahatdır. Çünki avropalılar sual edə bilərlər ki, niyə Ukraynaya görə bu qədər qurban verirlər.
“Fevraldan bu yana güclü birlik olub, tezliklə azalan deyil. Amma enerji təchizatı azaldıqca alyansın arxasındakı stimul və vəhdətə zərbə dəyəcəyi ehtimalı var”, – təhlilçi bildirib.
Dauqertinin fikrincə, Kiyevin şimal, şərq, cənubda müxtəlif cəbhələrdə duruş gətirməsi, eyni zamanda hücuma keçmək üçün gec toplaması çətin olacaq.
“Ona görə də NATO tərəfdən belə bir çağırış var ki, heç olmasa 2023-cü ilin yazınadək gözləsinlər, o vaxta Ukrayna bunu etməyə güc yığa bilər.
Problem ondadır ki, vaxt hər iki tərəfin xeyrinədir, Rusiya da 2023-cü iləcən hücum və müdafiə gücünü yenidən qura bilər. Ukraynalılar isə narahatdırlar ki, – bu narahatlıq əsassız da deyil, – o vaxtadək onlara dəstək dəyişə bilər, ona görə də daha tez hərəkətə keçməyə çalışırlar”, – o vurğulayır.
Fevralın 24-də Ukraynaya hücuma başlayan Rusiya Qərbin sərt sanksiyaları ilə üzləşib.