Fərmana görə nazirlik bu qurumların sayının optimallaşdırılması və fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində təkliflərini hökumətə təqdim etməlidir.
Hazırda ciddi maraq doğuran məsələ məhz Nazirliyin tabeliyinə verilən elmi institutların fəaliyyətinin necə səmərəli qurulmasıdır.
Son zamanlar aparılan müzakirələrdən, Prezidentin yuxarıda adı çəkilən fərmanından və “Azərbaycan -2026” Strategiyasından belə qənaətə gəlmək olar ki, Nazirlik qısa müddətdə tabeliyindəki elmi institutları fəaliyyət istiqamətləri üzrə universitetlərin tabeliyinə verilməsini təmin edəcək.
Yəni, məsələn, düşünmək olar ki, artıq nazirliyin tabeliyində olan İqtisadiyyat institutu UNEC tabeliyinə, Riyaziyyat və mexanika institutu BDU tabeliyinə, İnformasiya texnologiyaları və keçmiş Kibernetika İnstitutu AzTU tabeliyinə, Neft və Qaz İnstitutu ADNSU və ya Bakı Ali Neft Məktəbinə verilə bilər.
Son zamanlar Nazirlik və universitetlər daha çox elmi tədqiqat və innovasiya yönümlü, araşdırma istiqamətində fəaliyyətin təşkilinə üstünlük verirlər. Həmçinin universitetlərin bir çoxu universitet- sənaye iş birliyinin yenidən qurulması istiqamətində çalışırlar.
Düşünmək olar ki, nazirlik mövcud elmi institutları universitetlərin tabeliyinə verməklə elmi tədqiqat yönümlü fəaliyyətin gücləndirilməsinə, ali təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsinə üstünlük verəcək.
Hazırda universitetlərin böyük əksəriyyətində tədqiqat, innovasiya yönümlü fəaliyyət çox zəif olduğundan düşünürəm ki, yeni yaradılan Elm və Ali təhsil üzrə Dövlət Agentliyi də, bu sahədə işləri qaydaya salmaq üçün çox işlər görməli olacaq.
Yeri gəlmişkən, güman ki hazırda bir çox universitet rəhbərləri hansı elmi institutların onlara birləşdiriləcəyini də səbirsizliklə gözləyirlər.
Amma düşünmək olar ki, bu proseslər ağrısız da ötüşməyəcək.
Universitetlərin tabeliyinə verilən institut rəhbərləri ilə bəzi rektorlar arasında müəyyən konfliktlərin də ola biləcəyi gözləniləndir.
Eyni zamanda elmi institutların universitetlər üçün əlavə yükə və əlavə problemlərə yol açmasına da yol vermək doğru olmazdı .
Təbii ki, yeni yanaşmalara görə elmi institutlarda aparılacaq optimallaşdırma və ixtisarlar əlavə problemlər də yarada bilər.
Düşünürəm ki, institut rəhbərlərinin universitetlərin rektorlarının təqdimatı ilə Nazirlik tərəfindən təyin olunması da məntiqli və ağlabatan olardı.
İnanıram ki, Elm və Təhsil Nazirliyi yeni formalaşmış situasiyanı, Prezidentin fərmanında və adı çəkilən Strategiyada elm və təhsilin inkişafı üçün nəzərdə tutulanları doğru dəyərləndirəcək və sektorun sürətli inkişafı üçün daha effektiv və səmərəli mexanizmlər müəyyənləşdirəcək.