Öncə Nikol Paşinyanın müraciətində yer alan və diqqətimi çəkən məqamlara toxunmaq istəyirəm. Nikol deyir, yaxud yazır ki, “müstəqillik qonşularla münasibətlərin tənzimlənməsidir. Baxmayaraq ki, bəzi qonşularımızla əla münasibətlərimiz var, bəziləriylə isə nəzərə çarpan irəliləyiş yoxdur. Ona görə ki, onlar bizdən həddən artıq çox şey istəyirlər, yaxud elə hesab edirlər ki, biz çox şey istəyirik”. Daha sonra Paşinyan Bibliya əfsanəsindən misal gətirərək, hazırda asılı vəziyyətdə olduqlarını etiraf edir və bildirir ki, “əgər müstəqil olsaq müstəqilliyimiz də olacaq”. Nikolun müraciətindən iqtibas gətirdiyim fikirləri ardıcıllığa uyğun olaraq, ümumiləşdirsək, qənaətimə görə, onun Ermənistan cəmiyyətinə vermək istədiyi mesajlar aşagıdakılardan ibarətdir:
1. Ermənistan qonşularla münasibətlərini tənzimləyə bilmədiyinə görə müstəqil deyil və bu vəziyyət davam edəcəyi təqdirdə, heç zaman müstəqil olmayacaq.
2. Nikolun “qonşular bizdən çox şey istəyir” sözləri çox güman ki, “qonşulara elə gəlir ki, biz çox şey istəyirik” fikirlərinin həzm etdirilməsinə xidmət edir. Və bu o deməkdir ki, qonşuları, indiki şəraitdə Azərbaycan və Türkiyəni ermənilərin çox şey istəmədiyinə əmin etmədən münasibətlər tənzimlənməyəcək və təbii ki, Paşinyanın daha öncə nümunə gətirdiyim tezisində qeyd olunduğu kimi Ermənistan da müstəqil olmayacaq.
3. Nikol Paşinyanın “əgər müstəqil olsaq, müstəqilliyimiz də olacaq” tezisi isə, bir neçə başlıdır. Çünki həm Ermənistanın uzun illərdən bəri yürüdülən siyasət nəticəsində situasiyanın girovuna çevrildiyini ifadə edir, həm də çox güman ki, Rusiyanı hədəfə alır. Paşinyanın müraciətində “müttəfiqlik”lə bağlı ifadə olunan məqamlar da dolayısıyla bu “hədəfə” işarə edir. Beləliklə, Nikol müraciətində yazır: “Müstəqillik bizim üçün həm də möhkəm müttəfiqlik münasibətləridir. Amma müttəfiqlər həmişə yalnız bizim üçün müttəfiq olmurlar, bizə qarşı olanlarla da müttəfiqlik edirlər”.
Göründüyü kimi Ermənistanın baş naziri Rusiyanın həm də Azərbaycanla müttəfiqlik, Türkiyə ilə tərəfdaşlıq münasibətlərinə diqqət çəkir. Demək istəyir ki, Ermənistanın mövcud reallıqları qəbul etməkdən, qonşularla münasibətləri tənzimləməkdən, iddialarından əl çəkməkdən başqa yolu yoxdur. Yəni Ermənistanın müstəqilliyi hazırda kənar faktorlardan asılıdır.
Rəsmi İrəvanın “Zəngəzur dəhlizi” ilə bağlı praktiki addımlar sərgilədiyini nümayiş etdirən bəzi faktları və Mqer Qriqoryanın sərhədlərin demarkasiyası və təhlükəsizliyi məsələləri üzrə komissiyanın nümayəndələrinin gözlənilən görüşü ilə bağlı açıqlamasını da nəzərə alsaq, Nikolu Paşinyanın müstəqillik bəyannaməsinin 32-ci illiyi ilə bağlı müraciətini psixoloji kapitulyasiya aktı kimi də qəbul etmək olar. Yəni “müstəqillik bəyannamə qəbul etməklə olmur, ay ermənilər”. Bəyannamənizin isə... sıxıb “suyunu işə bilərsiniz...