Avqustun 24-də başlanmış bu hərbi təlimlərin sözçüsü Mahmud Musəvi deyib ki, manevrlər zamanı onlarca pilotsuz uçan aparatlar (PUA) ölkənin müxtəlif yerlərindəki nöqtələrə və bazalara göndəriləcək.
O bildirib ki, 1000 kilometrədək məsafə qət edən dronlar müxtəlif hərbi missiyaları yerinə yetirəcəklər.
İran son illərdə fəal dron istehsalçısına çevrilib. Onun dron cəbbəxanasına uzaqmənzilli kəşfiyyat PUA-ları və Şahed-129 kimi intihar və həmlə dronları daxildir.
Bunların arasında hava hücumundan müdafiə sistemlərini yarıb keçən “gözəgörünməz” dronların olduğu da bildirilir.
***
İran bundan başqa Yaxın Şərqdə ona bağlı olan müxtəlif qruplaşmaları dronlarla təchiz edib. Tehran regionda dronlardan müşahidə, kəşfiyyat və diversiya məqsədlərilə istifadə edir.
Bəzi Qərb rəsmiləri İran dronlarının sanksiyalar altında olan Rusiyaya ötürüləcəyindən narahatdırlar.
İyul ayında Ağ Ev bildirmişdi ki, İranın yüzlərlə dronu Rusiyaya ixrac etmək niyyətinə dair kəşfiyyat məlumatları var.
Lakin Tehran və Moskva bu kimi xəbərləri hələki təkzib edirlər.
Ötən ay ABŞ-ın milli təhlükəsizlik müşaviri Cek Sallivan demişdi ki, İran Rusiya qüvvələrinə drondan istifadə təlimləri verməyə hazırlaşır.
Ekspertlər deyirlər ki, İranın Rusiya ilə strateji partnyorluğu və Tehranın dron istehsalı qabiliyyəti onu Moskva üçün “ideal” dron təchizatçısına çevirə bilər.