Vaxt.Az

Məlubiyyətin “hıçqırıqları” ...


 

... Yaxud Brüssel görüşündən gözləntilər

Məlubiyyətin “hıçqırıqları” ... Avqustun 31-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi görüşün keçiriləcəyi gözlənilir.

Ermənistan tərəfinin yaydığı məlumata görə, görüşün gündəliyində Brüsseldə daha öncə müzakirə olunmuş məsələlər dayanır.

Qeyd edim ki, sonuncu görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mətbuata açıqlamasında bütün məsələlərin nəzərdən keçirildiyini açıqlamış və daha sonra təxminən aşağıdakılardan ibarət ümumi bir siyahı açıqlamışdı:

– Humanitar məsələlər, o cümlədən minaların təmizlənməsi, saxlanılanların azad edilməsi və itkin düşmüş insanların taleyinə aydınlıq gətirilməsi;

– Sərhədin delimitasiyası və müvafiq komissiyaların iclasının keçirilməsi və sabit vəziyyətin təmin edilməsi;

– Kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılması, beynəlxalq daşımalar kontekstində sərhəd idarəetmə prinsiplərinin, təhlükəsizlik, eləcə də gömrük rüsumları və qaydalarının tam razılaşdırılması;

– Dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinə dair müzakirənin davam etdirilməsi;

– Qarabağdakı etnik erməni əhalinin hüquqları və təhlükəsizliyi məsələsinin həll olunması;

– İqtisadi Məşvərət Qrupunun işinin inkişaf etdirilməsi.

Üçüncü görüşdən keçən 3 aydan bir az artıq müddət ərzində humanitar məsələlərin həlli istiqamətində ciddi irəliləyişə nail olunmayıb. Ermənistanın Azərbaycan tərəfinə təqdim etdiyi mina xəritələrinin əhəmiyyətli hissəsinin saxta olduğu üzə çıxıb. Yəni minaların təmizlənməsi ilə bağlı məsələdə də konkret nəticə yoxdur. İtkin düşənlərin taleyinə də, məlum olduğu kimi aydınlıq gətirilməyib.

Sərhədlərin delimitasiyası ilə bağlı komissiyaların iclası keçirilsə də, məlum olduğu kimi hələlik hər hansı bir nəticəsinin əldə edilməsi ilə bağlı rəsmi məlumat yoxdur. Sərhəd bölgəsində isə sabitliyin tam təmin edilməsini söyləmək çox çətindir. Son 3 ay ərzində Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini bir neçə dəfə atəşə məruz qoyub və cavabını da artıqlaması ilə alıb.

Son günlər Zəngəzur dəhlizi ilə bağlı müsbət mesajlar verilsə də, Ermənistan tərəfinin bu xüsusda üzərinə götürdüyü öhdəlikləri nə zaman yerinə yetirəcəyi bəlli deyil. Sonuncu görüşdən sonra Ermənistan bir neçə sərhəd-keçid, gömrük məntəqəsinin yaradılması ilə bağlı müvafiq qərar qəbul edib, amma bu qərarın icrası ilə bağlı, hələlik mediaya ətraflı məlumat verilməyib.

Qarabağdakı etnik ermənilərin “hüquqları və təhlükəsizlikləri” məsələlərinə gəldikdə isə, “Qisas” əməliyyatından öncəki vəziyyət işğaldan azad etdiyimiz ərazilərimizdə həyata keçirilən infrastruktur layihələrinin və burada çalışan Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsinin daha vacib olduğu reallığını ortaya qoyur.

Məhz bu baxımdan, üçüncü görüşün gündəliyində olan məsələlərin təkrar və daha detallı bir şəkildə müzakirəyə çıxarılacağı ehtimalı inandırıcı görünür.

Amma... şübhəsiz ki, Azərbaycan görüşə əvvəlkindən böyük üstünlüklə gedir. Laçının mərkəzi, eləcə də ermənilərin qanunsuz məskunlaşdığı Zabux və Sus kəndləri nəzarətə götürülüb. “Laçın dəhlizi” və onun ifadə etdiyi anlam tamamilə dəyişib, indi ermənilər dəhlizdən deyil, sadəcə yoldan istifadə edəcəklər. Bunun isə siyasi, sosial-psixoloji, eləcə də hərbi əhəmiyyəti kifayət qədər böyükdür.

Azərbaycanın üstünlüyünü daha da artırdığını sübuta yetirən amillərdən biri də “Qisas” əməliyyatından sonra əldə edilən mövqelər, həmçinin Ordumuzun qələbəsi nəticəsində lokallaşdırılmış erməni separatizminə vurulan sarsıdıcı zərbədir.

Görüş öncəsi üstünlüyümüzü ifadə edən başqa bir məqam isə, şübhəsiz ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Ermənistanla müttəfiq olan Qazaxıstan Respublikasının Prezidentinin Azərbaycana səfəri və bu səfər çərçivəsində imzalanan sənədlərlə qarşılıqlı münasibətlərin ən yüksək səviyyəyə - strateji müttəfiqlik müstəvisinə daşınmasıdır. Bu xüsusda, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa ilə Qazaxıstanın mənəvi paytaxtı Türkistanın qardaşlaşmasını, eləcə də Prezident Qasım-Comərd Tokayevin təşəbbüsü ilə işğaldan azad etdiyimiz Füzulidə uşaqlar üçün inşa olunacaq Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsinin təqdimatını da xüsusi qeyd etmək lazımdır.

Ola bilsin ki, Ermənistanın dövlət müstəqilliyi haqqında bəyannamənin 32-ci ildönümü ilə bağlı baş nazir Nikol Paşinyanın təbrikində yer alan bədbin notlar da öz hədəflərinə doğru addım-addım irəliləyən Azərbaycanın yaratdığı reallıqların bundan sonra daha da güclənəcəyi ehtimalı ilə bağlıdır.

Xatırladım ki, sözügedən müraciətdə Nikol Paşinyan Ermənistanın müstəqilliyinin qonşularla münasibətlərin tənzimlənməsindən asılı olduğunu bildirib. Sitat: “Müstəqillik qonşularla münasibətlərin tənzimlənməsidir. Baxmayaraq ki, bəzi qonşularımızla əla münasibətlərimiz var, bəziləriylə isə nəzərə çarpan irəliləyiş yoxdur. Ona görə ki, onlar bizdən həddən artıq çox şey istəyirlər, yaxud elə hesab edirlər ki, biz çox şey istəyirik.

...Müstəqillik bizim üçün həm də möhkəm müttəfiqlik münasibətləridir. Amma müttəfiqlər həmişə yalnız bizim üçün müttəfiq olmurlar, bizə qarşı olanlarla da müttəfiqlik edirlər”.

Göründüyü kimi, Nikol Paşinyan Ermənistanın müstəqil dövlət kimi mövcudluğunun qonşularla – ilk növbədə Azərbaycanla münasibətlərin tənzimlənməsindən asılı olduğunu dilə gətirir. Ermənistanda baş nazir Paşinyanın təbrik məktubunda yer alan bu fikirləri İrəvanın Bakının bütün şərtlərini istisnasız olaraq yerinə yetirəcəyinin anonsu kimi qiymətləndirirlər. Hər halda görüş öncəsi Ermənistanda səhnələşdirilən “müqavimət” də məğlubiyyətin və çarəsizliyin, əsasən həzm olunduğunu nümayiş etdirir. Sərgilənən “tamaşalar” isə, ən yaxşı halda “həzmdən sonrakı hıçqırıqlar” kimi qəbul oluna bilər...

 





25.08.2022    çap et  çap et