Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş mülki və hərbi şəxslərlə bağlı şahid ifadələri, eləcə də araşdırmalar nəticəsində əldə olunan digər faktlar Ermənistanda əsir götürülmüş Azərbaycan vətəndaşlarına qarşı ağlasığmaz vəhşiliklərin törədildiyini, onlara dözülməz işgəncələrin verildiyini, ağır işgəncə və psixoloji təzyiq vasitələriylə iradələrinə zidd olaraq öz ölkələri əleyhinə çıxış etməyə, hətta terrorizmə məcbur edildiklərini sübuta yetirir. Azərbaycanlı əsirlərin hazırda işğaldan azad edilmiş ərazilərimizdə və Ermənistanda müxtəlif mərasimlərdə başlarının kəsilərək qətlə yetirilmələrini, üzərilərində qanunsuz tibbi eksperimentlərin aparıldığını, orqanlarının satıldığını təsdiqləyən çoxsaylı faktlar erməni ultramillətçiliyinin faşizm qədər dəhşətli və amansız olduğunu təsdiqləyir.
Ermənistan əsir götürülmüş azərbaycanlılara qarşı həyata keçirilən insanlıq əleyhinə cinayətlərə, eləcə də itkin düşmüş şəxslər haqqında məlumatları gizli saxladığına, cinayətkarların məsuliyyətdən yayınmasına şərait yaratdığına görə, Beynəlxalq Humanitar Hüquq və onun tərkib hissəsi olan Cenevrə və Haaqa hüququna, eləcə də Bütün İnsanların Məcburi İtkin Düşmədən Qorunması Haqqında konvensiyanın müvafiq müddəalarına uyğun olaraq, birbaşa məsuliyyət daşıyır.
Bütün İnsanların Məcburi İtkin Düşmədən Qorunması Haqqında konvensiyanın birinci maddəsinin 2-ci bəndində qeyd olunur ki, hər hansı istisna hal, istər müharibə vəziyyəti, istər müharibə təhlükəsi, istər daxili siyasi qeyri-sabitlik, istərsə də istənilən fövqəladə vəziyyət məcburi itkin düşməyə haqq qazandıra bilməz.
Sözügedən Konvensiyanın 6-cı maddədə qeyd olunur ki, üzv dövlətlər məcburi itkindüşmə faktını icra edənləri və təhrikçiləri, buna əmr verənləri, prosesdə bu və ya digər şəkildə iştirakı sübuta yetirilənləri cinayət məsuliyyətinə cəlb etmək üçün müvafiq tədbirlər həyata keçirməlidirlər. Bu o deməkdir ki, Ermənistan əsir götürülmüş və itkin düşmüş sayılan Azərbaycan vətəndaşlarına qarşı cinayət əməlləri törədən şəxslərin məsuliyyətə cəlb olunmalarına görə birbaşa məsuliyyət daşıyır və sözügedən konvensiyanı imzalamaqla, həmçinin ratifikasiya etməklə üzərinə beynəlxalq hüquqi öhdəliklər götürüb.
Sözügedən konvensiyanın 9-cu maddəsinə əsasən, üzv dövlət məcburi itkin düşmə ilə bağlı cinayət əməlinə yol verən şəxsi, yaxud şəxsləri ərazisində hüquq pozuntusunun baş verdiyi dövlətin yurisdiksiyasına verməli və ya yurisdiksiyasını tanıdığı beynəlxalq məhkəmə qarşısına çıxarılmalarını təmin etməlidir.
Ermənistanın Azərbaycana və ölkəmizin vətəndaşlarına qarşı həyata keçirdiyi cinayətlər müharibə cinayətlərinin bütün təsnifatını əhatə etdiyi üçün, Cenevrə və Haaqa konvensiyalarının müddəalarının, eləcə də sözügedən cinayətlərin siyahısının təqdim edilməsinə lüzum görmürəm.
Problem ondadır ki, keçmiş Yuqoslaviya ilə bağlı Beynəlxalq Tribunalın fəaliyyətinin başa çatdırmasından cəmi 5 il keçməsinə və ortalıqda müharibə cinayətkarlarının cəzalandırılması ilə bağlı çoxsaylı presedentlərin olmasına baxmayaraq, beynəlxalq birlik, hətta itkin düşmüş Azərbaycan vətəndaşlarının taleyinə aydınlıq gətirilməsi məsələsində belə Ermənistana təzyiq göstərmək istəmir.
Amma hər bir Azərbaycan vətəndaşının taleyi dövlətimiz üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycan Prezidenti Ermənistanla münasibətlərin tənzimlənməsi müstəvisində aparılan bütün danışıqlarda itkin düşmüş Azərbaycan vətəndaşları ilə bağlı məsələni sülh prosesinin əsas istiqamətlərindən biri kimi təqdim edir. Avropa İttifaqı Şurası Prezidentinin vasitəçiliyi ilə Brüsseldə keçirilən görüşlərdə itkin düşmüş həmvətənlərimzlə bağlı məsələnin daim gündəmdə saxlanılması da ölkəmizin bu məsələdə nümayiş etdirdiyi israrlı, güzəştsiz mövqenin bariz nümunəsidir.