Hazırda da, Ermənistanda ciddi şəkildə yerli və Qarabağ erməniləri arasında münaqişə mövcuddur. Hətta iş o yerə çatıb ki, İrəvan və qonşuluqda yaşayan ermənilər Qarabağdan köçən qaçqınları qəbul etmək istəmir. Bununla bağlı gəlmələrin erməni mediasına bir çox müsahibələri mövcuddur.
Bugünlərdə “Gallup” sorğu mərkəzinin keçirtdiyi sorğuya görə, Ermənistandan Qarabağa müharibədən sonra səfər edənlərin sayı azalıb. Müharibəyə qədər 56% respondent Qarabağa səfər etməsini qeyd etmişlər. Müharibədən sonra cəmi 12 faiz respondent Qarabağa səfər etməsini qeyd etmişdir. Həmin 12 faizə isə Qarabağ erməniləri və bəzi aktivistlər daxildirlər.
Digər tərəfdən “Gallup” şirkətinin keçirtdiyi sorğuya görə, Ermənistanda seçkilər yaxın bazar günü keçirilsə, 16 faiz respondent Paşinyanın “Vətəndaş müqaviləsi” partiyasına, 5.1 faiz “Ermənistan” blokuna, 2.7 faiz “Şərəfim var” blokuna səs verməyə hazırdır. 33 faiz seçkilərdə iştirak etməyəcəyini bildirib. Müqayisə üçün Paşinyanın partiyasına bir il əvvəl 24 faiz respondent səs verməyə hazır idi.
Sorğu Paşinyanın 2018-ci ildən bu yana ilk dəfə bu qədər az faizə malik olduğunu göstərir. Hətta müharibədən sonra, 2021-ci ilin yanvar və fevral aylarında ona səs verməyə hazır olanların faiz nisbəti təxmini 30-34 faiz arasında dəyişirdi. Əvəzində Koçəryana səs verməyə hazır olanların faizi təxmini 22 faiz civarında dəyişirdi. Ermənistanda müxalifətin “torpaqlar əldən gedir, Ermənistan dövləti süquta uğrayır” bəyanatları da seçicilərə təsir etmədi. Hazırda Sərkisyan-Koçəryan-Saqatelyana cəmi 10 faizdən daha az vətəndaş səs vermək fikrindədir.
33 faiz isə seçkilərdə iştirak etmək istəmir. Qeyd edək ki, bu rəqəm 5 ildir ki dəyişilməz qalır. 30-35 faiz Ermənistan sakinləri sabit olaraq siyasi absentizmə malikdirlər.
Ermənistanın düşdüyü hazırkı vəziyyətdə insanların siyasi proseslərdə marağının olmaması – depressiya, siyasətçilərə etibarsızlıqları ilə bağlıdır.
Mövcud hadisələr fonunda orduya çağırış islahatına görə Ermənistan vətəndaşları 60 min dollar pul verərək cəmi 4 ay hərbi xidmət keçməklə hərbi mükəlləfiyyəti yerinə yetirə bilər. Müxalifət bu layihəni kəskin tənqid etsə də, aydın məsələdir ki, bu gün heç bir erməni Qarabağda azərbaycanlıya qarşı vuruşmaq cürətinə malik deyil.
Beləliklə, sorğular Ermənistanda milli ruhun tənəzzülə uğradığını, yerli ermənilərin Qarabağ ermənilərinin problemləri ilə maraqlanmadığını, özlərini hayların qəhrəmanları sayan – terrorçu Robert və Serjin ictimaiyyətdə zərrə qədər imicə malik olmadıqlarını göstərir .