Vaxt.Az

Media və müharibənin siması


 

İzlədiyimiz görüntülər gündəlik həyatımıza necə təsir edir?

Media və müharibənin siması Bu mövzu media sahəsinin qaynar mübahisələrinə həmişə səbəb olsa da, müharibə günlərində bütün cəmiyyət üçün həyativacib (!) əhəmiyyət kəsb edir.

Görüntü və ictimai reaksiya arasında əlaqəni hələ yunan filosofları müzakirə edirdilər. Plato eramızdan əvvəl “Respublika” əsərində yazırdı ki, incəsənət (nəzərə alaraq ki, o günlərin mediası ictimai tamaşalar idi) maarifləndirici və ilhamlandırıcı məqsəd daşımalıdır.  Məsələn, şeytanı tərifləyən səhnələrdə sadə xalq ikinci mənanı görməyə bilər və bunu, həqiqət kimi qəbul edə bilər. Platonun tələbəsi Ərəstun (Aristotel) isə hesab edirdi ki, tamaşalar insan həyatını olduğu kimi göstərməlidir və bir az da, əyləncə qatmalıdır.  Müharibə işıqlandırılmasına gəldikdə isə, media və söz azadlığının aparıcı qüvvəsi olan ABŞ-da daim mühafizəkar yanaşma sərgilənirdi. Xüsusilə, görüntülər nəzarətdə saxlanılırdı. Pentaqon bunu özü etməklə yanaşı, digər rəsmi kanallar vasitəsi ilə də mediaya təzyiq göstərib müəyyən işıqlandırma siyasəti tətbiq etməyə çalışırdı. Ən həssas məsələlər həlak olan hərbiçilərlə bağlı görüntülər, İraq və Əfqanıstandan qayıdan veteranlar arasında narkotikə qurşanma və özünəqəsd hadisələrinin işıqlandırılması idi. Burada Amerikan mediası Konstitusiyanın söz azadlığı maddəsinin verdiyi hüquq və ictimaiyyətə nəyin çatdırılması-göstərilməsinin münasib olduğu arasında etik seçim etməli idi. Və maraqlıdır ki, bu vəziyyət hər iki siyasi düşərgə hakimiyyətə gələndə yaranırdı. Məsələn, Barak Obama 2009-cu ildə hakimiyyətə gələndən sonra öz siyasi sələfi Corc Buşun müharibədən gətirilən amerikan əsgərlərinin cənazə kadrlarının yayımına qoyduğu qadağanı aradan götürdü. Lakin sonra özü Amerika hərbiçilərinin məhbuslara qarşı qanunsuz hərəkətlərini əks edən məlumatın yayılmasının qarşısını aldı, çünki dünyada anti-Amerikan fikrinin formalaşmasından ehtiyatlandı. Eyni şəkildə, Osama bin Ladeni aradan götürən donanma qüvvələrinin onun cəsədini və dənizdə hara atıldığını göstərən  görüntünün yayılmasına icazə vermədi, çünki Amerikaya qarşı yeni terror dalğasından çəkinirdi.

Amerika siyasi hakimiyyəti hər zaman müharibə günlərində əməkdaşlıq göstərmədiyinə görə media ilə çətin bir dönəmə girir. 

Lakin bu məsələlərə diqqət çəkən tək hakimiyyət deyil, ictimaiyyətin özüdür. Məsələn, ABC kanalının məşhur aparıcısı Ted Koppel axşam xəbərlərində İraqda həlak olan hərbiçilərin adlarını bir-bir oxumağa qərar verəndə, yerli telekanalların sahibi “Sinclair Broadcasting Group” bu proqramı yayımlamayacağını bəyan etmişdi. Onlar ABC-nin “Amerikanın müharibədə səylərinə zərbə vuracaq” addımını dəstəkləməyəcəklərini deyir və bildirirdilər ki, müharibə haqda media işıqlandırılması onun tək qurbanlarını deyil, digər tərəflərini də nəzərə almalıdır. Çünki müharibə milli təhlükəsizlik məsələsidir və kompleks şəklində nəzərdən keçirilməlidir.

Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı son təxribatının nəticəsində həlak olan şəhidlərimizlə bağlı ənənəvi və sosial media işıqlandırılmasını izləyərkən, bu qənaətə gəlirəm ki, müahribə günlərində bizim də, işıqlandırma ilə bağlı konkret siyasətə ehtiyacımız var. Müharibə kollektiv kimliyimizin qoşulduğu prosesidir . Xüsusilə, nəzərə alaraq ki, bizim halda bu müharibəni nə hakimiyyət, nə müxalifət, nə də ayrı-ayrı ictimai qruplar başlayıb və yaxud onda günahkardır. Otuz illik səbrdən sonra Azərbaycan işğalçını sülhə məcbur edərək ərazisindən qovur. Ölkənin suverenlyi və təhlükəsizliyinin bərqərar olması hər bir azərbaycanlı vətəndaşın birbaşa marağıdır. Ona görə də, müharibə günlərində ənənəvi medianın ümumi siyasi xətdə riayət etməsi, sosial mediada isə ictimaiyyətin səbr nümayiş etdirməsi çox vacibdir.

Xatırlayıram ki, ADA-da dərslərimizin birində etik məsələləri müzakirə edərkən- bu, yenə qızğın döyüşlər gedən vaxta təsadüf edirdi. Tələbələrimdən biri soruşdu:

– Siz bizə medianın həqiqət carçısı və ədalət vəkili olduğunu aşılayırsınız. Amma mən, dünən qonşumun şəhid olmuş oğlunun dəfn mərasimində onun anasına yaxınlaşan kameranın deyilən sözləri verməyəcəyini eşitdim.

– Nə demişdir ki?

– Şəhidin anası deyirdi ki, gözünüzə girsin bu Vətən, bu torpaq, mənim oğlumu qaytarın. Jurnalist də, dedi ki, bunu çəkməyin, verməyəcəyik.

– Səncə, şəhidin anası həmin anda digər bir şey deyə bilərdimi?

– Yox. Elə itkidən sonra yox.

– Bəs, səncə o, gələcəkdə bunu başqa cür qiymətləndirə bilərmi?

– Yəqin ki. Axı onun oğlu qəhrəman oldu.

– Təsəvvür et ki, sənin ən yaralı emosional anında səndən xəbər düzəltmək üçün istifadə edirlər. Və sonra, bu, dayanmadan yayılır. İnternetin, tarixin bir parçasına çevrilir. Sonra sən, soyuqqanlığını geri qaytaranda özünü necə hiss edərsən?

– Sui-istifadə olunmuş.

– Bundan başqa, biz, media barədə danışarkən, deyirik ki, jurnalistlər ictimai marağı qorumalıdır. Səncə, həmin anda sən ictimai marağı nə ilə qoruya bilərsən – davam edən müharibədə bir ananın qanlı yarasını qaşımaqla, yoxsa ictimaiyyəti ruhlandırmaqla? Nədir ictimai maraq?

– Müharibənin bitməsi.

Zənnimcə, tələbəmin gəldiyi sonuncu qənaət tam doğrudur. Ölkədə müharibə günlərində media işıqlandırılması müharibənin bitməsinə yönəlməlidir! Buna biz, nə sosial mediada yaratdığımız isteriya, nə göz yaşlarında boğulan şəhidlərin ailə üzvlərinin ağzına dirədiyimiz mikrofonlar və onların hisslərinə tamamilə etinasızcasına yanaşıb başlıq düzəltmək səylərimizlə, nə də hərbi məqsədləri təhlükəyə ataraq operativlik adı altında yarımçıq işlərimizlə nail oluruq.

Şəhidlər ürəyimizi dağlayır. Bunu biri-birinizə individual yazın, bir yerə toplaşın, birlikdə ağlayın, birlikdə göynəyin. Amma bunu sosial media meqafonundan istifadə edib şişirtməyin.

Müharibədir! İtkilərimiz var və olacaq! Sülh müqaviləsini məcbur imzalatdıqdan sonra belə qurbanlarımız davam edəcək. Çünki ərazilərimizdə yüz minlərlə mina var. Və, gəlin etiraf edək, biz, yalançı və etibarsız xalqla qonşuyuq – hər şey gözləmək olar.

Amma, qələbəyə birlikdə getməliyik. Nəyin bahasında olur olsun. Burada medianın bizə göstərdiyi- bizi kökləyən ən birinci vasitədir.

 





15.09.2022    çap et  çap et