Vaxt.Az

Sərhəd toqquşması


 

Atəşkəsə Rusiya nail oldu, yoxsa ABŞ?

Sərhəd toqquşması 12-13 sentyabrda Azərbaycan-Ermənistan sərhədində baş verən genişmiqyaslı hərbi toqquşmaya hansı təşəbbüs “son qoydu”?

Yəni, ABŞ-mı yoxsa Rusiyamı atəşin dayandırılmasına nail oldu? Suala cavab tapmaq üçün xronoloji ardıcıllığa ümumi pəncərədən baxmaq lazımdır.

Atəşkəslə bağlı hərbi-siyasi və iqtisadi müşküllər girdabında olan Ermənistan isə fərqli tezislər ortaya buraxır.

Hərçənd ki, Azərbaycan-Ermənistan hərbi eskalasiyasa başlayanda, Nikol Paşinyan telefonlardan asılı qalaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edib atəşin dayandırılmasına nail olmaq istəyirdi.

İrəvanın məqsədlər həlqəsi KTMT vasitəsilə zəncir formalaşdırmaq, onu regiona gətirmək hiylələri ilə zəngin idi.

Ermənistan vaxtı saydı, saydı, lakin KTMT qoşun göndərmək üçün əsas olmadığını dilə gətirdi.

Lakin KTMT-nin lider dövləti Rusiya döyüşlərin getdiyi zamanda atəşkəs üçün təşəbbüslərdə önə çıxmağı bacarmışdı.

Rusiyanın vasitəçiliyi ilə ilkin razılaşma əldə edildi, ancaq Ermənistan buna əməl etmədi və Azərbaycanın bərqərar olduğu mövqeləri intensiv artilleriya atəşinə məruz qoydu.

Hərbi əməliyyatın ikinci fazasında da Azərbaycan adekvat tədbirlər görərək Ermənistan silahlı bölmələrinin digər atəş nöqtələrini də susdurmağı bacardı.

Vəziyyətin olduqca kritik olduğunu görən Ermənistan hərbi-siyasi komandanlığı məcbur qalıb atəşkəsə riayət etməyə məcbur qaldı, KTMT-dən rədd cavabı aldıqdan sonra isə İrəvan ABŞ tərəfə yıxılmağa başladı.

ABŞ-ın edə biləcəyi hər hansı yardıma bel bağlayan Ermənistan müstəsna bicliklə atəşkəsin əldə olunmasında Vaşinqtonun xüsusi roluna diqqət çəkdi.

Bu açıqlama Ermənistan parlamentinin spikeri Alen Simonyandan gəldi, ancaq onun yalan danışdığı gün kimi aydındır.

Təbii ki, ABŞ atəş səslərinin dayandırılmasına çalışırdı, onun belə təşəbbüslərini gözardı etmək sadəlövhlük olardı. Amma ABŞ-ın bu məntiqi Azərbaycanın tələblərinə cavab vermirdi. Qısası, bu məsələdə Vaşinqton Moskvaya uduzdu.

ABŞ ümumiyyətlə Rusiya ilə rəqabətin pikə çatdığı zamanda Cənubi Qafqazda nüfuz itkisinə məruz qaldı və bu itkilərini Ermənistana siyasi investisiya qoymaqla kompensasiya etmək istəyir.

ABŞ Qərb sisteminin bir orqanı olan Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsindəki təşəbbüslərini də zədələyir.

Avropa İttifaqı ABŞ-Rusiya rəqabətinin Cənubi Qafqazda kəskinləşməsində tarazlayıcı mövqe rolunda idi və Azərbaycan-Ermənistan münasibətlərinin sülhlə yekunlaşmasına töhfələr verirdi.

İttifaqın bu duruşu Rusiyanı o qədər də narahat etmirdi, lakin sərhəddəki toqquşmalar fonunda ABŞ-ın sərgilədiyi birtərəfli mövqe Avropa Birliyi üçün də başağrısıdır.

 





19.09.2022    çap et  çap et