Bunu modern.az-a avtomobil qəzasına düşmüş xalq artisti, tarzən Ağasəlim Abdullayev xəstəxanada olan gəlininin vəziyyəti ilə bağlı açıqlama verərkən bildirib: «Üzündə cırılmış çapıq, burnunda sınıq vardı, ona görə əməliyyat olundu. Klinik Tibbi Mərkəzdə olarkən tikmişdilər, amma yaxşı alınmamışdı. Özəl klinikada yenidən əməliyyat olundu».
Öz səhhətinin normal olduğunu deyən tanınmış tarzən heç bir şeyə ehtiyacının olmadığını bildirib.
Qeyd edək ki, Suraxanı rayonu ərazisində, Zığ şosesində baş verən qəzada mahir tar ifaçısı Ağasəlim Abdullayev özü, avtomobili idarə edən oğlu, gəlini və nəvəsi ağır xəsarət alıb, həyat yoldaşı və azyaşlı nəvəsi isə ölüb. Qəzanın səbəbkarı isə «Mercedes-Benz G-55» avtomobilinin sərxoş sürücü, «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC-nin sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətovdur.
Oğlunun bu səhvi nəticəsində Mübariz Mədətov «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC-nin sədr müavini vəzifəsindən azad edildi. Məmur oğlunun özü isə həbs edilərək, barəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.