Vaxt.Az

İran: sonun başlanğıcı


 

“Xomeyniçilik”, “vilayəti-fəqihçilik”, “təqlidçilik” mexanizmləri sıradan çıxıb

İran: sonun başlanğıcı Bu yazıda şərti olaraq “İran” adlandırdığım ölkədə 1979-cu ildə Fransadan SSRİ-yə, Türkiyəyə və islam ölkələrinə qarşı çoxgedişli ssenari kontekstində transfer olunan “islam inqilabı”nın ilk günlərində baş qaldıran etiraz dalğalarına “açıq-saçıq” geyinən qadınların linç edilməsi ilə başladılmışdı. İctimai nəqliyyatda, küçə və meydanlarda qadınların saçları kəsilir, üzlərinə kimyəvi maddələr atılır, üst geyimləri bıçaqla və digər iti alətlərlə kəsilirdi...

Xatırladım ki, Azərbaycanda 1988-ci ildən başlayaraq vüsət alan etiraz dalğalarının fonunda, az da olsa oxşar linç kampaniyalarına rast gəlmək olurdu. Başlarına qırmızı-yaşıl lentlər bağlayıb ictimai nəqliyyatın “canına düşən” gədələr xaos dalğasında “əxlaq polisi” rolunu oynamağa çalışsalar da, ictimai müqavimətin güclü olması Azərbaycanda “İran ssenarisi”nin təkrarlanmasına imkan vermədi...

Qayıdaq İrana... 43 il öncə “kütləvi əxlaqsızlıq”dan usandığını nümayiş etdirən, insan hüquq və azadlıqlarının məhdudlaşdırılması, kütləvi çuğulçuluq, saxta möminlik üzərindən “islam inqilabı” gerçəkləşdirdiyini düşünən toplum bu gün baş örtüyündən düzgün istifadə etmədiyi səbəbindən öldürülən bir qadına görə, özünün yaratdığı təpəgözlərə qarşı mübarizə qalxıb və etiraz dalğaları bütün ölkə ərazisini bürüyüb. Bir qadına görəmi? Təbii ki, yox! Cəmiyyət uzun illərdən bəri dünyadan təcrid olunmaqdan, xarici düşmən axtarışından, hüquq və azadlıqlarının kobud şəkildə pozulmasından, qaranlıqdan, şərdən, istibdaddan... doyub. Zülmətə bürünmüş yarıac-yarıtox toplumu daha ideoloji nəsnələrlə, bəlağətli nitqlərlə, məsxərə obyektinə çevrilən rituallarla və daha nələrlə... yemləmək mümkün deyil. O qədər doyub ki, bundan sonra üzərinə püskürfülən ideoloji zəhərə bal da qatsan, qəbul etməyəcək. Rejimin “mühafizəkarlar”, “islahatçılar” adı altında cəmiyyətin haldan-hala salınmasına, ümidlənməsinə və sonra da bu ümidlərin məhv edilməsinə xidmət edən siyasi oyunları da artıq keçərli deyil. İran “islam respublikası”nın ideoloji sütunlarını təşkil edən “xomeyniçilik”, “vilayəti-fəqihçilik”, “təqlidçilik” və daha neçə-neçə yayındırıcı alternativ dini-siyasi mexanizmləri sıradan çıxıb, etimad limitini tükədib və süquta uğrayıb.

İndi mollakratiyanın “cənnət qəbzləri” nəinki İranın sərhədləri çərçivəsində, hətta bu sərhədlərdən kənarda da keçərli deyil. Bütün “ilahi rəvayətlər” və onların bəlağətli ifadəçilərinin obrazı, ən yaxşı halda gülüş, məsxərə və sarkazm elementinə çevrilib. SSRİ-nin süqutu ərəfəsində də, ideoloji aspektlərin fərqliliyi nəzərə alınmaqla, eyni vəziyyət müşahidə olunurdu. Amma İran SSRİ deyil, heç onun yarısının yarısı da deyil. Əgər ABŞ və Fransa kimi ölkələrin uzun illərdən bəri mollakratiyanı qorumaq üçün oynadıqları çeşidli oyunları nəzərə almasaydım, heç bir ictimai dəstəyi olmayan İran rejiminin 43 illik mövcudluğunu tarixi möcüzə adlandırardım...

...Bu gün İranda baş verənlər həm də regionda cərəyan edən proseslərin vakuum effektidir. Dalğa genişlənir... Kimin nə və necə düşünməsindən asılı olmayaraq, 44 günlük müharibənin və Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisələrin, həmçinin rejimin ölkəmizdəki tullantılarının iti qovan kimi qovulmasının bu ölkənin ictimai rəyinə ciddi təsir göstərdiyi qənaətindəyəm. Azərbaycan xalqının şərə qarşı mübarizədə nümayiş etdirdiyi misilsiz iradə və qətiyyət, qəhrəman igidlərimizin ölümə meydan oxumaları bütün dünyaya, o cümlədən qonşu İrana da işığın qaranlığı yenə biləcəyi mesajını verdi. Bütün bunlar İranda toplumsal olaraq dərk edilməsə də, ictimai rəyə ciddi emosional təsir göstərdiyi şübhəsizdir. Azərbaycana münasibətdə mollakratiyanın sərgilədiyi rəzil, utancverici davranışlar İran rejiminin din və məzhəb üzərindən yürütdüyü siyasətin bütün niqablanmış konturlarını aşkara çıxardı. Artıq mollakratiyanın “islam respublikası”nın guya əzilənlərin, zülmə, təcavüzə məruz qalanların “yanında yer aldığı” barədə nağıllara kimsəni inandırmaq mümkün deyil. Azərbaycanın işğaldan azad edilmiş torpaqları təkcə Ermənistanın deyil, həm də İranın üz qarasıdır. Çünki bu torpaqların viran qoyulmasında, məscidlərin tövləyə çevrilməsində, ziyarətgahların dağıdılmasında, müsəlman azərbaycanlıların qəbirlərinin dağıdılmasında, təhqir olunmasında İranın Ermənistana verdiyi sonsuz dəstəyin də rolu az deyil. Mollakratiyanın Azərbaycan xalqının öz torpaqlarının azad etməyə başladığı ilk gündən bu prosesin qarşısının alınmasına yönəlmiş açıq-aşkar davranışları, ölkəmizlə sərhəddə əzələ nümayiş etdirməsi, uzun illər boyu Azərbaycanın ərazi bütövlüyünün pozulmasına göz yumduğu və hətta işğalçıya hərtərəfli dəstək verdiyi halda, durmadan Ermənistanın hələ delimitasiya olunmamış sərhədlərini özünün “qırmızı xətti” sayması rejimin özünüifşasının apogeyi oldu... Hər şeyə müxtəlif yollarla həyasızcasına haqq qazandırmağa alışmış molla rejimi Azərbaycana münasibətdə sərgilənən və ifşa olunmuş siyasətinə bəhanə tapmaqda aciz görünür. Köhnə qrammofon valı kimi qırıldayır, amma səsini eşitdirə bilmir. Qonşuluğunda öz dövlətinin və xalqının təhlükəsizliyi, rifahı və firavan gələcəyi uğrunda qətiyyət, iradə, strateji zəka və cəsarət nümayiş etdirən Azərbaycan və Türkiyə liderlərinin böyüyən kölgəsində mollakratiyanın cəmiyyətə və dünyaya sırımağa çalışdığı saxta dini-siyasi və hərbi manipulyasiyaçıların obrazları kifayət qədər solğun və cansız görünür. Artıq min kilometrlərlə məsafədə deyil, İranın bir addımlığında bu ölkədə, öz tarixi vətənlərində yaşayan insanların nəticə çıxara biləcəkləri parlaq nümunələr var. İran uzun illəridir ki, bölgədə Zəfər və İstiqlal günəşlərinin işığından hər kəsin pay ala biləcəyi bir məsafədə parlamasına maneə yaratmağa çalışırdı, lakin bacarmadı və artıq mollakratiya üçün geriyə sayım prosesi başlayıb.

Süqutun qaçılmazlığını təhtəlşüur olaraq hiss edən rejim isə aqressiyasını durmadan artırır. Əslində bu tendensiya süquta uğramaqda olan bütün rejim və hakimiyyətlərə xas olan xüsusiyyətdir. İran rejimi artıq uzun illərdir ki, diqqəti daxili problemlərdən yayındırmaq üçün öz sərhədlərindən kənarda düşmən axtarışandadır. İraq, Fələstin, Suriya və Yəməndə burnu ovulub və son dirənişini nümayiş etdirir. Amma buna baxmayaraq, hələ də nəyin bahasına olursa-olsun subregional güc olduğunu təsdiqləməyə çalışır. Təfərrüatına varmayacağam, məşhur rus lətifəsində deyildiyi kimi, “bacarmır, amma istəyir”...

Mollakratiyanın Azərbaycana yönəlik siyasətinin təməlində dayanan amillərin sayı isə bir qədər çoxdur. Yəni burada İranın “qırmızı xətti”, məsəli şərəfi olanlardan uzaq, LGBT bayrağını xatırladır. Bunun hər kəsə bəlli olanı, İran İslam Respublikası adlı müstəqil hüququn sərhədləri çərçivəsində, öz tarixi Vətənlərində yaşayan Azərbaycan, qaşqay, avşar, Xorasan, Xələc, Sunqur, Əbiverdi, qazax və özbək türkləri, həmçinin adı üstündə olan türkmənlərdir. Şübhəsiz ki, Tehran rejimini və onun parfarsist yönəticilərini İranın ən böyük xalqlarından biri olan Azərbaycan türklərinin milli şüurunda son illər ərzində baş verən sıçrayış və digər türk xalqlarının da bu xüsusda özgüvən hissinin yüksəlməsidir. Mollakratiya şimal sərhədlərində sekulyar inkişaf yolunu tutan və inkişaf etdirən, öz ayaqları üstündə möhkəm dayanan, güclü iqtisadiyyata və orduya malik Azərbaycan Respublikasının mövcudluğunu özünə ən böyük təhlükə sayır. 

Digər amil İranın qərbli ortaqlarıyla, əsasən vahid mövqedən çıxış etdiyi “erməni məsələsi” və Ermənistan faktorudur. İndi İran Ermənistana itirilmiş mövqelərinin, həm də erməni diasporu və lobbisinin, dolayısıyla isə Qərbin dəstəyi ilə bərpa edilməsinə xidmət edən “həyat yolu” kimi baxır. Bu xüsusda Azərbaycan-Türkiyə ittifaqını, türk dövlətlərinin inteqrasiyası və vahid platformadan çıxış etmə perspektivini, eləcə də Avrasiyada formalaşmaqda olan yeni etnososial münasibətlər amilini və şübhəsiz ki, bölgədə maraqlarını, yaxın perspektivdə və ən yaxşı halda İranın prinsipial iştirakı olmadan Türkiyə və Azərbaycanla uzlaşdıra biləcək Rusiya faktorunu da nəzərə almaq lazımdır.

İran rejiminin ən böyük problemi odur ki, o, özündən asılı olmayan proseslərin içərisində yer alaraq, təhlükəsizliyini təmin etmək əvəzinə, bu proseslərə mane olmağa, kəsəsi, tarixi reallıqların diktə etdiyi geosiyasi təkamülün qarşısını almağa çalışır. Bu isə, öz növbəsində əks reaksiyaların daha qabarıq şəkildə özünü büruzə verməsinə zəmin yaradır. Proseslərin inkişaf perspektivləri isə İran rejiminin ən qısa zaman ərzində indikindən daha kəskin reallıqlarla qarşılaşa biləcəyini ortaya qoyur. Qatar şütüyür və yürümək üçün əbalarının ətəyini yığışdıra bilməyənlər, bəxtləri gətirərsə sonuncu vaqonun tutacaqlarından asılı qalacaqlar.

P.S. Ola bilsin ki, bu gün İranda baş qaldıran etiraz dalğası müəyyən bir zaman kəsiyindən sonra zəifləsin, amma yenidən və daha geniş miqyasda baş qaldıracağına zərrə qədər də şübhə etmirəm. Bu gün İranda baş verənlər toplumsal hüquq və azadlıqlar uğrunda aparılan, bütün ölkəni əhatə edən mübarizədir, lokal xarakterli dirəniş deyil. Beləliklə, Qum saatını çevirin, ağaye fitnəbazlar...

 





21.09.2022    çap et  çap et