ABŞ prezidenti Cozef Bayden BMT Baş Assambleyasında son çıxışında Ərdoğanın fikrini təkrarlayıb: “BMT Təhlükəsizlik Şurasının üzvlərinin sayını artırmaq lazımdır”. Baydenin fikrincə, BMT Təhlükəsizlik Şurasının həm daimi, həm də qeyri-daimi nümayəndələrinin sayının artırılmasına ehtiyac var. ABŞ prezidenti Afrika, Latın Amerikası və Karib hövzəsi ölkələri üçün BMT Təhlükəsizlik Şurasında yerlərin ayrılmasını zəruri sayıb.
Ağ Ev sahibi BMT Təhlükəsizlik Şurasının üzvlərinin nadir fövqəladə hallar istisna olmaqla, veto hüququndan istifadə etməkdən çəkinməli olduğunu bildirib. O bunu ona görə deyib ki, Qərb ölkələrinin bütün təkliflərini adətən Rusiya və bir sıra hallarda Çin BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edərək reallaşmasına imkan vermirlər. Bayden BMT Təhlükəsizlik Şurasının “etimada layiq və səmərəli fəaliyyət göstərən” bir qurum olaraq qalması üçün belə tədbirlərin zəruri olduğuna diqqət çəkib. ABŞ prezidenti bu cümləsiylə etiraf edib ki, BMT-nin həm etimadı, həm də səmərəli fəaliyyəti şübhə altındadır.
ABŞ və Türkiyə ilə yanaşı Yaponiya, Hindistan, Afrika və Latın Amerikası ölkələri də BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayının artırılması ideyasını dəstəkləyirlər. Türkiyə, Yaponiya və Hindistan Təhlükəsizlik Şurasının üzvlüyünə iddialıdırlar. Afrikanın və Latın Amerikasının aparıcı ölkələri – Misir, Cənubi Afrika Respublikası və Braziliya kimi ölkələr də haqlı olaraq Təhlükəsizlik Şurasının üzvü olmaq istəyirlər. Bayden və Ərdoğan Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayının artırılması ideyasını dəstəkləsələr də, bunun reallaşması problematikdir. Misal üçün Türkiyənin Təhlükəsizlik Şurasına üzvlüyünü Fransa, Hindistanın üzvlüyünü isə Çin əngəlləyəcək. Rusiyanın özü də Təhlükəsizlik Şurası üzvlərinin sayının artırılmasının tərəfdarı deyil. Çünki Kreml Təhlükəsizlik Şurasında ABŞ-ın dostlarının və tərəfdaşlarının sayının artırılmasını istəmir.