İlham Əliyevin qeyd etdiyi tezislər Azərbaycan ordusunun sentyabrda Ermənistanın sərhəd təxribatlarına cavab olaraq həyata keçirdiyi hərbi əməliyyatlardan sonra yaranan konfiqurasiyanın detallı olmasa da, ümumi şəkildə canlandırır.
Prezidentin dediklərini sərhəddəki hərbi eskalasiyanın konseptual nəticələri kimi nəzərdən keçirsək, qeyd etmək olar ki:
1. Azərbaycanın sonuncu əməliyyatları sərhədin Laçın, Kəlbəcər və Daşkəsən istiqamətindən Ermənistanın daxili üçün tektonik çatlar yaradır.
2. İlham Əliyevin “sərhəd boyunca əldə etdiyimiz mövqelər imkan verir ki, biz istənilən erməni təxribatını qabaqcadan görək və lazımi tədbirlər görək” deməsi vəziyyətin Azərbaycan ordusu üçün hərbi-strateji məzmununu göstərir. Yəni yeni nəzarətə keçirilən ərazilər Azərbaycana böyük əraziyə vizual nəzarət imkanı yaradır və başqa hərbi üstünlüklər verir.
3. Hərbi qaydalarla hesablama aparsaq, deyə bilərik ki, Azərbaycan ordusu Ermənistan bölmələrinin sərhəddə doğru gətirə biləcəyi təhdid yolları, təminat marşrutları və geniş zolaqdakı hərəkət trayektorası Azərbaycanın nəzarəti altına düşür.
4. Azərbaycan ərazi nailiyyətlərini sərhədlərin delimitasiyası kontekstində inkişaf etdirir. Artıq XIX və XX əsrlərə aid ərazi xəritələri belə masadadır və bu, Azərbaycanın danışıqlardakı şərtlərinin həcmini və miqyasını göstərir.
5. Ermənistan hansısa havadarının yağlı vədlərinə aldanıb hərbi təxribatın müəllifinə çevrilsə, Azərbaycan yenidən layiqli cavab verəcək. Bu bənd üzrə qısa nəticə:
– Ermənistanda revanş hissləri coşsa, Azərbaycan hərbi əməliyyatları bərpa edə bilər,
– Bu dəfə əməliyyatlar elə Ermənistanın ərazilərindən başlayıb və daha da irəlidə olan dərinliklərə qədər yayıla bilər.
Biz prosesləri və ərsəyə gələcək nəticələri beynəlxalq münasibətlər sferasındakı alovun üzərinə tezalışan maddələrin tullanması fonunda da diqqətdə saxlamalıyıq.
Dünyada siyasi xəritənin, sərhədlərin dəyişdirilməsi prosesinə start verilib, hazırda lokal hesab olunan münaqişələr belə həssas dünya nizamını təhdid edir.
Azərbaycan milli təhlükəsizlik maraqlarından irəli gələrək bəzi hərbi tədbirlər görməyə ehtiyac duyur, təhlükəsizlik qayğılarının artması fonunda Azərbaycan-Ermənistan gərginliyi yeni mərhələyə qədəm qoya bilər.
Türkiyənin, Rusiyanın, Qərbin strateji hesablamaları elə rəqəmlərə əsaslanır ki, Cənubi Qafqazda da sərhəd dəyişikliyi baş versin. Rəqib tərəflər isə mümkün nəticələrdən maksimum pay qoparmaq üçün faktiki şəraiti öz əllərində həlledici vasitəyə çevirmək niyyətindədir.
Qlobal teatrın Cənubi Qafqaz səhnəsindəki maraq toqquşmasında ən güclü rəqiblər: Rusiya, Britaniya-ABŞ tandemi və Türkiyədir.
Regionda həlledici cazibə mərkəzi Azərbaycan olduğundan maraqların təmini Bakı ilə əlaqələndirmə mexanizmindən keçir.
Bu mexanizmdə:
1. Türkiyə strateji müttəfiqdir,
2. Rusiya Azərbaycanın maraqlarına önəm verir,
3. ABŞ Azərbaycana münasibətdə ara-sıra sürüşkən “yüksəkliyə” çıxsa da, nəticədə Bakı ilə əlaqələrin inkişafı Ağ Evin Cənubi Qafqaz prioritetlərində üstünlük təşkil edir,
4. Britaniya isə Azərbaycanın strateji tərəfdaşına çevrilib.
PROQNOZ:
Maraqlar platforması vəcdə gəlsə də, proses Azərbaycanın xeyrinə doğru dəyişəcək. Pərdəarxasındakı qlobal niyyətlərdə sərhədlərin dəyişdirilməsi konteksti Azərbaycanın xeyrinə yönləndiriləcək.
Maraqlıdır ki, böyük planlarda İranın xeyrinə faydalı perspektivlər görünmür.
Çünki proseslərdən Rusiya da, ABŞ da, Britaniya da, Türkiyə də qazansa da, İran əlindəki vasitələrdən məhrum olur, Tehranın “sərhəd dəyişikliyinə dözməyəcəyik” hayqırtıları İslam Respublikasının taleyi ilə bağlı qaranlıq mətləblərdən xəbər verir.
Əliyevin XIX-XX əsrin xəritələrini gündəmə gətirməsi hesab edirəm ki, daha geniş məna tutumuna malikdir.