Qonşu İranda qadınların hüquqları ilə bağlı üsyanlar başlayıb. Rusiyada qismən səfərbərlikdən sonra ümumxalq mitinqi və ardınca ölkədən kütləvi qaçışlar başlayıb. Əslində, Türkiyədə də vəziyyət hər an gərginləşə bilər. Prezident seçkiləri Türkiyədə onsuz da siyasət meydanındakı gərginliyi bir qədər də artıracaq. Ermənistanda vəziyyət stabil deyil. Paşinyan da açıq oynamağa başlayıb. NATO-ya üzv olmaqdan danışır. Ermənistanı ya Gürcüstanın günü gözləyəcək, ya da hakimiyyət dəyişikliyi. Artıq bunun toxumları da səpilib. Rusiya açıq gördü ki, “Qarabağ klanı” işə yaramır. Ona görə də Ermənistan siyasətinə yeni oyunçular transfer edir. Ermənistanda radikal dəyişikliklər olsa, buna təəccüblənməməliyik. Qərb, xüsusilə ABŞ və Fransa Ermənistanda Rusiya ilə döyüşəcək. Ukraynadan fərqli olaraq, Cənubi Qafqazda Qərbin şansları o qədər də yüksək deyil. Hər şeydən önəmlisi Ermənistan ərazisində bir neçə Rusiya hərbi bazası var və qarşılarında da Azərbaycan ordusu. Rusiya Ermənistanı əvvəl Azərbaycanın əli ilə sillələyirdisə, hesab edirəm ki, indiki məqamda özü hərəkətə keçə bilər.
Azərbaycan hakimiyyətini tənqid edirdik ki, səbəblərlə bağlı niyə ipucu vermir. Prezident İlham Əliyevin Laçındakı açıqlamaları, əslində, hər şeyi aydınlığa qovuşdurdu. Açıqlamada bir cümlə diqqətimi daha çox çəkdi: “Sərhəd boyunca əldə etdiyimiz mövqelər imkan verir ki, biz istənilən erməni təxribatını qabaqcadan görək və lazımi tədbirlər görək”. Dolayısı ilə rəsmi Bakı elan edir ki, sərhədlərimizin təhlükəsizliyi üçün bufer zonası yaradırıq.
Cəmiyyətimizdə hətta adlı-sanlı politoloq və hərbi ekspertlər sərhədlərin delimitasiya və demarkasiyasının aparılmadığını deyirlər. Təkcə delimitasiya desələr, tam doğru olardı. Ancaq demarkasiya elə məhz indi baş verən proseslərdir. Son sərhəd toqquşması məhz demarkasiya prosesidir. Delimitasiya isə sülh və ondan sonrakı dövrü əhatə edir. Necə ki Gürcüstanla hələ də delimitasiya olunmamış sərhədlərimiz mövcuddur.
Bölgədəki ən təhlükəli dövlət hazırda İrandır. İran daxilində gərginlik artdıqca rəsmi Tehranın Azərbaycana yönəlik təhdidi çoxalır. İranın müdaxiləsi baş verəcəyi təqdirdə, bölgədəki vəziyyət təsəvvür edəcəyimizdən də qəliz ola bilər. İran rəsmiləri: “Sərhədlər dəyişərsə, səssiz qalmayacağıq”, – deyirlər. Hesab edirəm ki, İran səssiz qalmasa, o zaman sərhədlər dəyişəcək. Çünki İranın hər hansı müdaxiləsi bölgədəki digər gücləri hərəkətə keçirəcək. Onsuz da son vaxtlar Türkiyə ilə İran arasında münasibətlər gərgindir.
Azərbaycan artıq Zəngəzur dəhlizi ilə bağlı mövqeyini daha sərt şəkildə ortaya qoyur. Təbii ki, rəsmi Bakı bu mövqeyi ilə təkcə öz arzusunu dilə gətirmir. Bəzən bizim cəmiyyətdə deyənlər çox olur ki, o dəhliz nəyimizə lazımdır, 10 noyabr bəyanatında belə bu sözdən istifadə edilməyib. Məsələ ondadır ki, Azərbaycanın bunu tələb etməyə tam haqqı çatır. Çünki Azərbaycanı Naxçıvanla bağlayan dəmiryol xətti olub və o xəttə Azərbaycan nəzarət edib. Yəni Azərbaycanın tələbində qeyri-adi bir şey yoxdur.
Bölgədəki vəziyyət elə bir həddə çatıb ki, Azərbaycan dövləti ya varlığını göstərməlidir, ya da qınına çəkilməlidir. Varlığını göstərmək üçün də risklər şərtdir…