Vaxt.Az

Vətəndaş müharibəsinin astanasında


 

Rusiya qonşularının başına gətirdiyi bəlaları indi özü yaşayır

Vətəndaş müharibəsinin astanasında Rusiyada səfərbərlik başlayandan əhalinin münasibətini görüb bunun vətəndaş qarşıdurmasına və hətta, ola bilər ki, vətəndaş müharibəsinə gətirib çıxaracağını düşünürəm. Amma bunun bu tezliklə baş verəcəyini güman etmirdim. Mənim hesablamama görə bu proses bir neçə həftədən sonra – orduya çağırılanların bir qisminin əlində silah cəbhədən qaçaraq geri qayıdacağı zaman baş verməli idi. Amma dünən Dağıstandakı qarşıdurma və polislərin hələlik, havaya atəş açmaları prosesin daha əvvəl başlaya biləcəyinə işarə etdi. İrkutsk vilayətində baş verənlər isə şübhələri bir xeyli artırdı. Nə baş verib?

İrkutsk vilayətinin Ust-İlimsk şəhərinin hərbi komissarlığında bir nəfər atəş açıb. Bu barədə taiga.info və “Baza” teleqram kanalları xəbər verir. Bundan əlavə, taiga.info saytı baş verənlərin videosunu da yayıb (aşağıdakı video). Kadrlarda əlində silah olan şəxsin necə atəş açması və yaxınlıqdakı insanların qışqıraraq qaçması əks olunub. Saytın məlumatına görə, yaralılar arasında hərbi komissarlığın rəisi Aleksandr Yeliseyev də olub. Əvvəlcə onun öldürüldüyü bildirilsə də, sonradan sağ qaldığı məlum olub. “Mash” teleqram kanalı xəbər verir ki, o, ağır vəziyyətdə reanimasiyadadır. Başqa qurbanların olub-olmadığı hələlik məlum deyil. Artıq atəş açan şəxs həbs edilib. “Baza” teleqram kanalı hücumçunun adının Ruslan Zinin olduğunu, 25 yaşında və işsiz olduğunu bildirdiyi video yayımlayıb. “Mash”ın aydınlaşdırdığı kimi, hərbi komissar çağırışçılara göstəriş verərkən Zinin atəş açmağa başlayıb. Atıcının lüləsi kəsilmiş ov tüfəngi ilə silahlandığı güman edilir. İlkin məlumatlara görə, o, da bu gün səfərbər olmalı idi. Şahidlərin dediyinə görə, çəkilişlərə başlamazdan əvvəl Zinin: "İndi hamımız evə gedəcəyik" – deyib və atəş açıb. İlk güllədən o, hərbi komissar Aleksandr Yeliseyevi yerə sərib, sonra hamıya qaçmağı əmr edib və ikinci dəfə atəş açıb. İrkutsk vilayətinin polisinin mətbuat xidməti hələlik vəziyyəti şərh etməyib.

Göründüyü kimi, Rusiya rəhbərliyinin düşünülməmiş addımları bu ölkəni ağlagəlməz faciələrlə üz-üzə qoyub. İndi Rusiyada yaşayan hər bir kişinin cəmi bir neçə seçənəyi  var – ya ölkədən qaçmalı (qaça bilənlər qaçıb, qalanları isə artıq qaça bilməyəcək, bu gündən 18-55 yaşlı kişilərin ölkə xaricinə çıxması yasaqlanır), ya müharibəyə gedib ölməli, ya həbsxanaya yollanmalı, ya da fəal etiraz aksiyaları ilə müharibəyə son verilməsinə çalışmalıdır.

Rusiya yüz illər boyunca qonşularının başına gətirdiyi bəlaları indi özü yaşamaqdadır...

 





26.09.2022    çap et  çap et