Vaxt.Az

Şəxsi məlumatlarınız itə bilər


 

Mail.ru istifadəçiləri üçün yeni və daha ciddi təhlükə

Şəxsi məlumatlarınız itə bilər “AppStore” platforması ötən gün VK Holdinqə daxil olan bir çox resursları silib. Gözlənilən idi.

Hazırda bu Holdinqə daxil olan  “Vkontakte” sosial şəbəkəsi, “VK Play”, “VK Музыка”, “VK Клипы” “VK Мессенджер”, “VK Админ”,  “Почта Mail․ru” və “Облако Mail.ru” mobil servisləri “AppStore” platformasında görsənmir.

VK özünün bir çox mobil tətbiqlərinin silinməsini  təsdiqləyib. Eyni zamanda əvvəldən yüklənənlərin hələlik işlədiyini bildirib.

Qlobalda monitorinq aparan  “Netblocks” da VK mobil tətbiqlərinin dünyanın heç bir yerində artıq  əlçatan olmadığını təsdiqləyib.

Düşünmək olar ki, “Apple”dən sonra  qısa müddətdə “Google” də bu addımı atacaq və “Play” marketdən də adı çəkilən resurslar silinə bilər.

Belə olan halda  bu resurslardan istifadə edən bizim  vətəndaşlarımızı da ciddi problem gözləyəcək.

Onlar üçün bu resurslar sadəcə əlçatan olmayacaq, datalar itəcək, bu emailə bağlı olan digər servislərdə problem yaranacaq və s.

Bildiyim qədər Azərbaycanda hələ də xeyli sayda insanlar Mail.ru servisindən istifadə edir.

Həm də  bu emaildən istifadə edərək müxtəlif servislərdə (“Facebook”, “İnstagram”, “TikTok” və s.) qeydiyyatdan keçənlər var.

Baxmayaraq ki, hələlik “Google” bu addımı atmayıb, adı çəkilən servislərin veb versiyası işləkdir, amma tövsiyə ondan ibarətdir ki, “Mail.ru” dan istifadə edənlər ləngimədən digər servislərə (“Gmail” və s.) keçsinlər.

Məktubların daşınmasını Mail.ru-ya etibar etməyin nəticəsini biz hələ 2008-də Rusiyanın Gürcüstana hücumu zamanı görmüşük.

“Mail.ru” datanı və kontaktları yeni “Gmail” ünvana köçürmək elə də problem yaratmır. “Gmail”də belə imkanlar nəzərdə tutulub.

Amma gərək bu addım zamanında atılsın.

Rusiya hökuməti və VK rəhbərliyi baş verənlərlə bağlı  “Apple” şirkətinə sorğu göndərib.

Xatırladıram ki, VK Holdinqin rəhbəri Vladimir Kiriyenkodur .

O isə hazırda Ukraynanın işğal olunan ərazilərində keçirilən referenduma rəhbərlik edən Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenkonun oğludur.

 Hansı ki, ata və oğul , hər ikisi sanksiya altındadır.

Holdinqin London Fond Birjasında fəaliyyəti də  Rusiyaya tətbiq edilən sanksiyalar çərçivəsində 

dayandırılıb.

P.S. Bir neçə gün öncə “Apple” və “Google” şirkətlərin keçmiş rəhbərləri Ukrayna Prezident administrasiyasında görüşlər keçirmişdilər.

Baş verənlərdə güman ki, bu görüşlərin də “ izi” olmamış deyil.

Müharibə başlayandan sonra “AppStore”dən Rusiyaya məxsus 7000 mobil tətbiqin silindiyi bildirilir.

P.P.S.  Elektron Təhlükəsizlik Xidmətinin də bu məsələlərlə bağlı istifadəçilərə tövsiyəsi faydalı olardı.

 





27.09.2022    çap et  çap et