Vaxt.Az

Dünya daha böyük böhranın astanasında


 

“Soyuq müharibə” zamanı belə tapdalanmyan qırmızı xətlər, ...

Dünya daha böyük böhranın astanasında İki gün öncə Baltik Dənizində “Şimal Axını-1” və “Şimal Axını-2” boru kəmərlərinin partladılması dünyada yeni, çox təhlükəli, heç bir qayda tanımaz şərait yaradır. Partlayışın kimlər, hansı ölkə tərəfindən törədilməsindən asılı olmayaraq bu çox təhlükəli presedentdir. Əgər dünyada indi həm də “infrastruktur müharibələri” başlasa, zatən xaotik durumda olan vəziyyət daha da mürəkkəbləşəcək, zatən pandemiya ilə mübarizədən başlayan iqtisadi böhran daha da dərinləşəcək.

Görünən odur ki, hər bir ölkə öz başının çarəsinə özü qalmalıdır. Azərbaycan öz həyati əhəmiyyətli infrastruktur və kommunikasiya xətlərinin daha da ciddi qorunması məsələsini həll etməli, bunun üçün Türkiyə, Britaniya və İsrail ilə (Türkiyə xətlərin davamı olan ölkə kimi, Britaniya “BP” şirkətinin neft-qaz layihələrinin əsas operatoru olduğu, İsrail isə öz neft ehtiyacının yarıdan çoxunun Azərbaycandan təmin etdiyi üçün) hava məkanımızın tamamən xarici müdaxilələrə bağlanması, yerüstü təhlükəsizlik tədbirlərinin artırılması (məsələn, boru xətləri boyu Türkiyə ilə birgə təhlükəsizlik nəzarətinin gücləndirilməsi və birgə nəzarət məntəqələrinin yaradılması) ilə bağlı qərarlar alınmalıdır. Nə qədər ki, Rusiya Ermənistanda həlledici söz sahibidir, Ermənistan-Azərbaycan sərhədinə yaxın bölgələrdən keçən boru və kommunikasiya xətlərimizə həmişə təhlükə olacaq. 2020-ci ilin yayında Tovuz təxribatı bunun əyani sübutudur.

Dünyada artıq heç bir məsələdə “qırmızı xətlər” qalmayıb. Hətta “soyuq müharibə” zamanı belə kritik enerji infrastrukturları, kommunikasiya xətləri toxunulmaz idi. Hətta Rusiyanın Ukraynaya təcavüzü və apardığı işğalçı müharibə zamanı belə hər iki tərəf Ukraynadan keçən kommunikasiya xətlərinə ziyan vuracaq addımlardan çəkinirdilər. Amma Rusiya Zaparojye AES-ni işğal edib atom təhdidi yaradan gündən bu “qırmızı xətlər” silinməyə başladı.

 





29.09.2022    çap et  çap et