Buna qədər ABŞ Aİ-nın təşəbbüsünü dəstəkləyirdi. Lakin Blinkenin regiona xüsusi diqqəti və yeni xətt kimi ABŞ-ın müdafiə nazirinin müavininin Azərbaycan və Ermənistan hərbçiləri ilə danışıqları ABŞ-ın təşəbbüsü ələ keçirməyə çalışdığını göstərir. ABŞ-ın beynəlxalq vəziyyətə təsir göstərə bilməsi Dövlət Departamenti ilə Pentaqonun ümumi çağırışlara birgə cavab verə bilməsindən asılıdır. Bu mənada H.Hacıyevin müdafiə nazirinin müavini ilə də görüş keçirməsi təsadüfi deyil.
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi bildirir ki, ABŞ Rusiyanın resurs və regiona təsir vasitələrinin məhdudlaşdığını görüb yaranan nüfuz vakuumunu doldurmağa çalışır. Lakin Moskvanın nüfuzunun azaldılması Ermənistan-Azərbaycan arasında sülh sazişinin imzalanmasını və Ermənistan-Türkiyə sərhədlərinin açılmasını tələb edir. Baydenin Paşinyana göndərdiyi təbrik məktubunda “rifah və dinc gələcək naminə Ermənistanın qonşuları ilə münasibətləri normallaşdırma”lı olması xüsusi qeyd edilir. ABŞ dərk edir ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırması onun Rusiyadan iqtisadi və təhlükəsizlik baxımından asılılığını aradan qaldıracaq.
Məktubda ABŞ-ın regional proseslərə “ikiqat” çox diqqət ayırmaq niyyətində olmasının Azərbaycan üçün mənfi və müsbət tərəfləri var.
Mənfi tərəf ondan ibarətdir ki, ABŞ region ilə bağlı planlarını axıra qədər açıqlamır. ABŞ səfirinin Şuşaya səfərdən imtina etməsi və ya Baydenin məktubda “münaqişə” və “Dağlıq Qarabağ xalqı” ifadələrindən istifadə etməsi ABŞ-ın bu ərazini hansısa “status” çərçivəsində nəzərdə keçirdiyini düşünməyə əsas verir. Azərbaycan haqlı olaraq bu yanaşmaya kəskin reaksiya verir.
Müsbət tərəf ondan ibarətdir ki, ABŞ-ın aktivliyi sülh sazişinin imzalanmasını məntiqi sonluğa yaxınlaşdırır. İndiyə qədər mövqeyini təsbit edə bilməyən Ermənistan güc mərkəzlərinə üzünü tutub sülh prosesini hər vasitə ilə uzatmağa çalışırdı. ABŞ Ermənistanın üz tutduğu sonuncu güc mərkəzidir.
Bakı artıq Moskva və Brüssel formatlarında Qarabağ məsələsinin qaldırılmamasına nail ola bilmişdir. Eyni siyasət Vaşinqtona qarşı münasibətdə də aparılacaq: ABŞ Ermənistan-Azərbaycan gündəliyi üzrə konkret mövqe formalaşdırmalı, Azərbaycan isə milli təhlükəsizlik prioritetləri baxımından bu mövqeyə lazımı düzəlişlərin edilməsinə nail olmalıdır.
Misal üçün, Aİ-nin ilk bəyanatında “münaqişə”, ikinci bəyanatında isə “Qarabağın etnik erməni əhalisinin hüquq və təhlükəsizliyi” ifadələri yer alsa da, sonuncu bəyanatda “Qarabağ”, “status”, “münaqişə” və ya “Minsk qrupu” ilə bağlı heç bir müddəa öz əksini tapmayıb.
Eyni ilə prezidentlik uğrunda mübarizə aparan Bayden Azərbaycana qarşı 907-ci düzəlişi işə salmağı tələb edirdi. Prezident seçildikdən sonra isə 907-ci düzəlişi dondurub, 2022-ci ildə isə Azərbaycan prezidentinə qısa fasilələrlə bir neçə məktub göndərib. 2021-ci il məktubunda Bayden ABŞ-ın Minsk qrupunun həmsədri kimi “münaqişənin uzunmüddətli siyasi həllinə dair danışıqlarda kömək etməyə sadiq qaldığını” bildirsə də, 2022-ci il məktublarında ABŞ-ın “regional barışığı təşviq etmək üçün Azərbaycanla birgə işləyəcəyi”, ABŞ-ın “Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiq etdiyi” qeyd edilib. 2021-ci ildə Azərbaycanı demokratiya sammitinə dəvət etməyən Bayden, 2022-ci il məktubunda “qanunun aliliyi və hesabatlılığın möhkəmləndirilməsi, Azərbaycan xalqının yaşayış standartlarının yüksəldilməsi” istiqamətində Azərbaycan Prezidentinin davamlı addımlarını alqışladığını bildirib.
Beləliklə, ABŞ-ın regional məsələlərdə xüsusi aktivlik nümayiş etdirməsi sülh prosesinin son mərhələyə qədəm qoymasından və Azərbaycanın 44 günlük müharibənin nəticələrini möhkəmləndirmə şansı əldə etməsindən xəbər verir. Sülh sazişinin qısa zamanda imzalanması ABŞ-dan mövqeyini konkretləşdirmək, Azərbaycandan isə lazım gəldikdə bu mövqeyi diplomatik yollarla korrektə etmək tələb olunur.