Vaxt.Az

ABŞ İran PUA-sını vurub


 

İraq hökuməti rəsmi Tehrana etiraz edib

ABŞ İran PUA-sını vurub ABŞ silahlı qüvvələri sentyabrın 28-də İraqın şimalında İrana məxsus pilotsuz uçuş aparatını (PUA) vurub. Bu barədə Amerika Mərkəzi Komandanlıq Qərargahı (CENTCOM) sentyabrın 29-u səhər saatlarında verdiyi açıqlamada bildirilir.

Məlumata görə, sentyabrın 28-i yerli vaxtla saat 14:10-da Amerika qüvvələrinin İraqın şimalında yerləşən Ərbil şəhəri istiqamətində hərəkət edən İrana məxsus pilotsuz təyyarəni vurduğunu açıqlayıb.

Məlumatda bildirilir ki,  İrana məxsus pilotsuz uçan aparat “Mohajer-6” tipli olub.

Amerika rəsmilərinin sözlərinə görə, o, regionda mövcud olan Amerika qüvvələri üçün təhlükə hesab edilib.

Amerikanın İran PUA-sını vurması SEPAH-ın İraqın şimalında Tehran hökumətinə müxalif kürd qüvvələrinə qarşı geniş hava hücumları həyata keçirdiyi vaxta təsadüf edir.

CENTCOM-un məlumatına görə, İraqın şimalında SEPAH-ın həyata keçirdiyi hücumlar günahsız mülki əhalinin həyatını təhdid edir və regionun sabitliyi üçün təhlükə törədir.

SEPAH-ın İraqın şimalına raket, artilleriya və dron hücumlarından sonra İraq hökuməti sentyabrın 28-də İranın Bağdaddakı səfirini çağırıb və bu hücumlara görə Tehran hökumətinə etirazını bildirib.

Amerika və Böyük Britaniya xarici işlər nazirlikləri də sentyabrın 28-də ayrı-ayrı bəyanatlarında SEPAH-ın Şimali İraqın Kürd bölgəsinə endirdiyi hava hücumunu İraqın milli suverenliyi və ərazi bütövlüyünün pozulması kimi qiymətləndiriblər.

Verilən məlumatlara görə, İranın hücumları nəticəsində 9 nəfər həyatını itirib, onlarla insan yaralanıb.

 





29.09.2022    çap et  çap et