Vaxt.Az

Rusiya ordusu Ermənistanın içindədir


 

Artıq İrəvanın çıxış yolu bağlanıb

Rusiya ordusu Ermənistanın içindədir “Bu gün Ermənistanın xarici siyasətinin gülünc vəziyyətə düşməsinin səbəbi onun işğalçılıq siyasətidir”. Bunu açıqlamasında Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti, siyasi jurnalist Anar Həsənov deyib.

O bildirib ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq şansı yoxdur: “Ermənistan işğal etdiyi və hazırda nəzarətdə saxladığı əraziləri legitimləşdirə bilmir və ona görə Ermənistanın çox gülünc vəziyyətə düşüb, bu səbəbdən orada siyasi böhran müşahidə edilir.

Mən düşünmürəm, Rusiya imkan verəcək ki, sərhədə beynəlxalq müşahidəçilər yerləşdirilsin. Rusiyanın Ermənistana təzyiq imkanları var, yəni Rusiya bunu açıq şəkildə nümayiş etdirə bilmir. Bu təzyiqlər birbaşa olaraq Azərbaycanın əli ilə həyata keçirilir. 

Əgər Ermənistan birmənalı şəkildə beynəlxalq müşahidəçilərin ora gedilməsinə nail olarsa, biz Qarabağda növbəti hərbi əməliyyatı müşahidə edəcəyik və bu hərbi əməliyyatı rusiyalı sülhməramlı qüvvələr ancaq kənardan müşahidə edəcək. 

İkinci məsələ ondan ibarətdir ki, Rusiya özü Azərbaycan-Ermənistan şərti sərhədində KTMT-nin rəhbərliyi altında müşahidəçilər yerləşdirə bilər. Ancaq bu da bir amorf qurum olacaq. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Azərbaycan-Ermənistan sərhədində müşahidəçilər qrupu yerləşdirməsi Azərbaycana qarşı hər hansı bir təzyiqlə sonlana bilməz. Çünki Azərbaycanla Rusiya arasında bu dəqiqə münasibətlərin sabitliyində Rusiya daha çox maraqlıdır. Moskvada Azərbaycanla münasibətlər həm də Türkiyə-Azərbaycan tandemi kimi başa düşülür. 

Ortada KTMT-nin müşahidəçilər qrupu yerləşdirilə bilər, bu, daha çox reallığa yaxındır və bu variant əslində Azərbaycan üçün hər hansı təzyiq vasitəsi olmayacaq. Biləsiniz ki, Ermənistanın da KTMT-dən çıxmaq şansı yoxdur. Çünki KTMT əslində Rusiya deməkdir. Ermənistanda yaxşı başa düşürlər ki, nə qazax, nə tacik, nə qırğız, nə Belarus əsgərləri gəlib Azərbaycan Ordusu ilə üzbəüz dayanan deyil. 

KTMT birbaşa Rusiya deməkdir. Rusiya ordusu onsuz da Ermənistanın içindədir. Ona görə hazırkı bu dinamikanın nəticəsi olmayacaq. Onun maksimum nəticəsi, onsuz da Azərbaycan-Ermənistan münasibətlərini heç bir təsir və təzyiq imkanları olmayan KTMT-nin müşahidəçilər qrupunun yerləşdirilməsi ilə nəticələnə bilər. Hazırda beynəlxalq müşahidəçilərin ora gəlməsini təsəvvür edə bilmirəm”.

Qeyd edək ki, Fransa Ermənistanın sərhədə beynəlxalq sülhməramlı yerləşdirilməklə bağlı təklifini dəstəkləyib. Fransanın Ermənistan səfiri bildirib ki, bununla bağlı digər ölkələrlə danışıqlar aparılır.

 





30.09.2022    çap et  çap et