Faktiki olaraq, Rusiya Federasiyasının (RF) onillərdən bəri yüz milyonlarla dollar xərclədiyi imic reklamının, təbliğatının sonu idi.
Vladimir Putinin çıxışı isə “qalib” ölkənin başçısından daha çox məğlub ölkənin məzlum rəhbərinin şikayətini xatırlatdı.
Rusiyanın dövlət təbliğat maşını günlərdi bu çıxışı anons edir, Putinin “möhtəşəm açıqlama və bəyanatlar” verəcəyini deyirdi.
Putinin nitqi isə irrealizm, absurd, hətta sərsəm idefikslərlə dolu idi.
Sadəcə, bir fakt: Rusiya prezidenti bəyan etdi ki, “Ukrayna əslində Rusiyanın şədiyyə etdiyi ərazilərdə yaranıb”.
Reallıq tam tərsinədir: çağdaş Rusiyanın beşiyində Kiyev durur.
Belə faktlar bəs deyincədir və onları sadalamaq niyyətində deyiləm.
Ukraynanın 4 vilayətini işğal edəndən sonra “həzm edəcəyini” deyən Putin Rusiyanın fəlakətə sürükləyir.
Ukraynada müharibəyə başlayandan sonra Qərbin çox ağır sanksiyalarına məruz qalan Rusiyanın iqtisadiyyatı artıq ağır durumdadır. “Qismən səfərbərlik” adı ilə güya 300 min, əslində isə 1 milyon vətəndaşın ordu sıralarına çağırılma planı, dünən 120 min rusiyalının çağırışa cəlb edilmə qərarından sonra 4 vilayətin də “bərpası və yenidən qurulması” ilə bağlı xərclər Rusiyada inflyasiyanı artıracaq, sürətli bahalaşmaya səbəb olacaq.
Putin “amerikalıların neomüstəmləkə siyasət”indən danışdı, öz aləmində geosiyasi narrativləri yenilədi. Amma o, “pis Qərb”dən kimə şikayətləndi, anlaşılmır.
“Tarixi olacaq” kimi təbliğ edilən çıxış çox boz, energetikasız söz yığını oldu.
Bu nitq və Georgi Sarayında işğal edilmiş vilayətlərin “başçıları” kimi təqdim olunmuş marionetlərin iştirakı ilə “imzalanma mərasimi” Ukrayndakı müharibəni daha da intensiv edəcək.
Ukrayna NATO-ya qoşulmaq niyyətini açıqladı.
Zelenski bəyan etdi ki, Putin RF prezidenti olduqca, Rusiya ilə hər hansı formada danışıqlar mümkün deyil.
ABŞ daha 910 rusiyalıya, o cümlədən Dövlət Dumasının 109, Federasiya Şurasının isə 169 mənsubuna qarşı sanksiyaları bəyan etdi.
Vaşinqton onu da bildirdi ki, işğal edilmiş ərazilərinin azad edilməsi üçün Ukraynaya hər cür yardım edəcək.
Beləliklə, Qərb mövqeyini açıqladı: Rusiyanın müharibədə tam məğlubiyyətinə və Rusiya iqtisadiyyatının çökdürülməsinədək proses davam edəcək.
Bu arada Donetsk vilayətinin şimalında, Liman şəhərində 5400 rusiyalı hərbçi mühasirəyə alınıb.
Onların taleyi Putini maraqlandırırmı?
Əsla.
O, orta əsrlər düşüncəli insandır. Orta əsrlərdə belə işğal və ilhaq az qala norma idi.
İndisə anormallıqdır və cavabı da həddən ziyadə ağır olacaq.
Putin dünən Kremldə tragifars təşkil etməklə Ukraynadakı müharibənin diplomatik yolla çözümünün istənilən, ən cüzi variantını belə, birmənalı olaraq istisna etdirdi.
... Dünən hamımız qonşu ölkənin ərazisinin bir hissəsini işğal etmiş ölkənin başçısının həmin əraziləri “birləşdirmə”sini seyr etdik.
Deyəsən, Vladimir Putin özünü gerçəkdən də, dahi siyasətçi, geosiyasət ustası, uzaqgörən lider, adını tarixə yazmış şəxsiyyət sayır.
Məntiq və beynəlxalq hüququ unutmuş bu adam düşünür ki, hamı ondan qorxur.
Bu diktator nə qədər də yanılır...
O, artıq tamamən sübut etdi ki, Rusiya Federasiyasının hakimiyyətinə güvənmək olmaz.
O, nümayiş etdirdi ki, Kremlin neoimper və velikorus şovinizmi siyasəti qonşu dövlətlər üçün real təhdid, təhlükəli çağırışdır.
O, postsovet məkanında hələ də Rusiyaya etibar edən çox azsaylı ölkələrin siyasi elitalarını təşvişə saldı və əyan etdi ki, Moskvaya etibar edənin sonu pis ola bilər.
Və ən nəhayət, o, postsovet məkanında Qərbə meyllənməyə əlavə təkan verdi.
Zavallı, biçarə Rusiya…