Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün Bolqarıstan Prezidenti Rumen Radev ilə geniş tərkibdə görüşü zamanı dediyi kimi, Azərbaycan etibarlı qaz təchizatçısı kimi Avropa ölkələri üçün böyük əhəmiyyət kəsb edən ölkədir. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan da Avropa bazarına, o cümlədən Bolqarıstan və onun qonşu ölkələrinin bazarlarına böyük maraq göstərir.
IGB qaz interkonnektorunun açılışı Azərbaycan və Bolqarıstan arasında münasibətləri yeni səviyyəyə qaldıracaq. Azərbaycan Xəzərdə, Bolqarıstan isə Qara dənizdə strateji mövqeyə malikdir. Müvafiq potensialın birləşdirilməsi hər iki ölkə üçün yeni imkanlar açacaq.
Layihə haqqında
İGB Bolqarıstana Azərbaycan qazını, xüsusən də Azərbaycanın “Şahdəniz-2” qaz-kondensat yatağında hasil olunan qazı almağa imkan verəcək qaz kəməridir. İGB TAP-a birləşdiriləcək və onun vasitəsilə “Şahdəniz” yatağından qaz Avropa bazarlarına çıxarılacaq. İGB-nin təməlqoyma mərasimi 22 may 2019-cu ildə Bolqarıstanda baş tutub. Qaz kəmərinin uzunluğu 182 kilometrdir
Birinci mərhələdə qaz kəmərinin ötürmə qabiliyyəti ildə üç milyard kubmetr qaz təşkil edəcək. İkinci mərhələdə, bazarın inkişafından asılı olaraq, kompressor stansiyasının əlavə edilməsi ilə kəmərin ötürücülük qabiliyyəti ildə 5 milyard kubmetr qaza çatdırıla bilər. Onların təxminən yarısı - ildə 1,57 milyard kubmetr - 25 ilə qədər uzunmüddətli müqavilələr əsasında artıq rezervasiya edilib. Qalan mövcud tutum iki aparıcı platformada - PRISMA və RBG-də hərraclar vasitəsilə təklif olunacaq.
Layihənin ümumi investisiya dəyəri təqribən 240 milyon avro (ƏDV istisna olmaqla) qiymətləndirilir, bunun 220 milyon avrosu əsaslı xərclərdir.
2013-cü ildə imzalanmış müqaviləyə əsasən, Bolqarıstan İGB-dən ildə 1 milyard kubmetr qaz alırdı. Bununla belə, Bolqarıstan tərəfi artıq bəyan edib ki, Azərbaycandan Bolqarıstana qaz nəqlinin ən azı istilik mövsümündə - daha 200-300 milyon kubmetr artırılması ilə bağlı danışıqlar aparılır. IGB Bolqarıstanın qış aylarında qaz tələbatının böyük hissəsini ödəyə və daha rəqabətli bazar təmin edə biləcək.
Bu məsələ iki ölkə prezidentləri arasında ayrıca müzakirə olunub.
“Enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edir, ancaq indiki şəraitdə bu əhəmiyyət daha da artmışdır. Biz bunu yaxşı dərk edirik. Ona görə əlimizdən gələni edirik ki, qaz hasilatını artıraq və tərəfdaşlarımızı təbii qazla təmin edək. Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir. İndi təbii qazı ixrac edən Azərbaycan bu sahədə də etibarlı tərəfdaş kimi özünü göstərəcəkdir”, - deyə Prezident İlham Əliyev bildirib.
Dövlət başçısının qeyd etdiyi kimi, Yunanıstan-Bolqarıstan qaz birləşdirici layihəsi həqiqətən də tarixi əhəmiyyətə malikdir. Prezident İlham Əliyev bu interkonnektorun həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcək, eyni zamanda, Avropa qitəsində enerji təhlükəsizliyinə də bunun çox böyük fayda verəcəyinə əminliyini bildirdi.
İGB əhatə dairəsi haqqında danışarkən: Qərbi Balkanlar interkonnektorların genişləndirilməsi üçün yeni imkanlar yaradır. Gücü ildə beş milyard kubmetrə qədər artırdıqdan sonra IGB Moldova və Ukraynaya da tədarük edə biləcək. Bundan əlavə, interkonnektorun işə salınması həm də Rumıniyaya Şaquli dəhliz vasitəsilə Azərbaycandan qaz idxal etməyə imkan verəcək.
Azərbaycan qazının ixrac coğrafiyasının genişlənməsi bununla bitmir, çünki getdikcə daha çox ölkə qaz almaq və ya artıq tədarük olunan həcmi artırmaq üçün Azərbaycana üz tutur. Artıq Avropa İttifaqı ilə Azərbaycan arasında 2027-ci ilə qədər Cənub Qaz Dəhlizinin gücünün iki dəfə artırılması ilə bağlı konkret razılaşma mövcuddur. Ona görə də əminliklə demək olar ki, Azərbaycan Avropanın enerji təchizatı üçün ən real imkanları təklif edir. “Trend”