Vaxt.Az

Səfiyə Qarabaği həbs olunub


 

Qadın hüquqları müdafiəçisinin harada saxlanıldığı məlum deyil

Səfiyə Qarabaği həbs olunub Qadın hüquqları müdafiəçisi Səfiyə Qarabaği oktyabrın 1-də iş yerində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Onun həyat yoldaşı Ruzbeh Səadəti öz “Twitter” səhifəsində Səfiyə Qarabağinin təhlükəsizlik qüvvələri tərəfindən iş yerində məhkəmə orderi göstərmədən həbs olunduğunu bildirib.

Cənab Səadəti, həyat yoldaşının harada saxlanıldığından xəbərsiz olduğunu, təhlükəsizlik qüvvələrinin ona heç bir məlumat vermədiyini yazıb.

Qarabaği gender bərabərliyi, qadın hüquqları və qadınlara qarşı zorakılıq, azyaşlı nikahlarla mübarizə və türk dili haqları məzmunlu bir çox məqalənin müəllifidir.

O, həmçinin siyasi məhbuslara, o cümlədən keçmiş siyasi məhbus Səid Mətinpurun azadlığa buraxılması, məktəblərdə türk dilində təhsil hüququ, gender hüquqlarının bərabərliyi və qovulmuş tələbələrin universitetə bərpa olunması istiqamətində sivil və dinc fəaliyyətlər həyata keçirib.

Səfiyə Qarabaği həm də keçmiş siyasi məhbus Pərisa Rəfiiinin xalasıdır və onun məhkumluğu və həbsi zamanı onun haqqında sosial media səhifələrində xəbərlər dərc edib.

O, əvvəllər də dəfələrlə İran İslam Respublikasının təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və “rejim əleyhinə təbliğat”, “ictimai rəyi çaşdırmaq” və “yalan məlumat yaymaq” kimi ittihamlarla mühakimə olunub.

 





02.10.2022    çap et  çap et