Ə.Nuriyev QHT-lər haqda qanunvericiliyə son dəyişikliklərə nəzarətlə bağlı bir sıra mühüm məqamlara toxundu. Komissiya işinin təşkilatçısı yaranmış problemləri dilə gətirdi. Ə.Nuriyev «Yeni Müsavat»a bildirdi ki, komissiyanın üzvləri QHT rəhbərlərindən təşkil olunub və yalnız bir nəfər Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının nümayəndəsidir.
Onun sözlərinə görə, əsas məqsəd yenin qanunla bağlı tətbiqi öyrənmək, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlamaqdır: «Bu mənada müəyyən addımlar atılıb. Həm QHT-lər haqda qanuna, həm qrantların tranşı barədə dəyişikliklər var. Qanun qüvvəyə minməsindən sonra problemlər barədə bizə məlumatlar daxil oldu.
Qrantların qeydiyyatında bəzi banklar tərəfindən problem yaradılır. Əsasən «Unibank», «Rabitəbank», «Dəmiryolbank» qrantların tranşı üçün təkrar bildiriş tələb edir. Onlar Mərkəzi Bankın bir məktubuna əsaslanırlar. Amma həmin məktubda göstərilməyib ki, məsələ qanun qüvvəyə minməzdən əvvəl qrant müqaviləsi bağlayanlara aiddir. Komissiyamız dərhal məsələyə reaksiya verdi, mətbuatda ictimailəşdi, müvafiq qurumlara müraciət olundu».
QHT rəhbəri deyir ki, bəzi banklarda problem hələ də qalmaqdadır: «Biz Mərkəzi Banka məktub göndərəndə gözləyirdi ki, Elman Rüstəmov komissiya üzvləri ilə görüşsün. Hələ ki, hər hansı göstəriş görmürük. Kommersiya bankları qrant tranşlarının verilməsində tərəddüd nümayiş etdirirlər. Təkrar bildiriş tələb edirlər.
Yeni qanunvericiliyə görə, qrant müqaviləsi bildiriş alandan sonra bütün tranşlara yaşıl işıq olmalıdır. Təkrar bildiriş lazım deyil. Həmin bankların bu addımı qanun pozuntusudur və səlahiyyətləri aşmaqdır. Mərkəzi Bank da göstəriş verməlidir ki, buna son qoysunlar».
Ə.Nuriyev digər problemdən də söz açdı: «Milli donorla bağlı problem varıydı. Dövlət Dəstəyi Şurası Ədliyyə Nazirliyinə müraciət etdi. Və istənilən banka sənədləri təqdim etməklə donoru götürmək olar. Qrant müqaviləsinin alınmasında Mirvari Qəhrəmanlı problem yaşamışdı, qısa müddətdə həll olundu. «Ekstremal Jurnalistika» Birliyinin qrant müqaviləsinin qeydiyyatı problemi vardı, həll olundu. Yəni, Ədliyyə Nazirliyi operativ şəkildə köməklik göstərir».
Müsahibimiz bir məsələyə də diqqət çəkdi: «Qrant müqavilələri imzalanarkən notarial qaydada təsdiq olunub Ədliyyə Nazirliyinə təqdim edilməlidir. Xaricilər isə möhürdən istifadə etmirlər. Bu baxımdan təsdiqlə bağlı problem yaşanır.
Biz müraciət hazırlayırıq. Müraciətdə göstəriləcək ki, bu müqavilələrin notarial qaydada ləğvi tətbiq olunsun. Çünki prosesi daha da sadələşdirmək lazımdır. Həmçinin, yerlərdə geniş maarifçilik işləri aparılacaq, beynəlxalq təşkilatlar da bizə bu istiqamətdə kömək vəd edirlər, metodiki tövsiyələr hazırlanır. Ümumiyyətlə, bütün QHT-lərə müraciət etmişik ki, bizimə əlaqə saxlasınlar».
Ə.Nuriyev QHT-lərin tədbir təşkilində problemi olduğunu da bildirdi: «Bəzi QHT-lər otellərə müraciət edir, həmin mehmanxanalar tədbirin təşkilinə mane olurlar. Onlar qanunun tələblərinə uyğun hərəkət etməlidir. Düzdür, biz müdaxilə edə bilmərik. Ancaq əsassız səbəb göstərib, tədbirdə imtina etməməlidirlər. Ümid edirəm ki, belə hallar gələcəkdə yol verilməyəcək».
Qeyd edək ki, komissiyaya Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov, İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin layihə tərəfdaşı olan Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin baş məsləhətçisi Məhəmməd Quluzadə, İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Sabit Bağırov, «Hüquq və İnkişaf» İctimai Birliyinin sədri Hafiz Həsənov, Katibliyin baş məsləhətçisi, hüquqşünası Fərid Rüstəmov daxildir.